Azedu.az

Avropada magistr təhsili: universitetlər, qəbul qaydaları və karyera imkanları

Magistratura

Xarici təhsil

18 May 2026, 12:45
Avropada magistr təhsili: universitetlər, qəbul qaydaları və karyera imkanları
Magistratura təhsili bu gün yalnız ali təhsilin növbəti mərhələsi deyil, həm də beynəlxalq karyera imkanlarına, akademik inkişaf yoluna və xaricdə iş perspektivlərinə açılan əsas istiqamətlərdən biri hesab olunur.

Müxtəlif ölkələrdə magistr proqramları təhsil müddəti, qəbul şərtləri, maliyyələşmə imkanları və əmək bazarına inteqrasiya səviyyəsinə görə fərqlənir.

Bəzi ölkələr daha çox nəzəri və tədqiqat yönümlü akademik modelə üstünlük verdiyi halda, digərləri tələbələrə praktiki bacarıqlar qazandıran və birbaşa iş həyatına hazırlayan proqramlarla seçilir. Bu fərqliliklər isə magistr təhsili seçərkən ölkə və universitet seçimini daha da önəmli edir.

Əvvəlki yazımızda ABŞ, Almaniya, Avstriya, DanimarkaÇilidə magistratura təhsili haqqında məlumat verdik.

AzEdu.az bu yazıda Böyük Britaniya, Polşa, İtaliya, Estoniya və Finlandiyada magistratura təhsilinin xüsusiyyətlərini, qəbul şərtlərini və tələbələrə təqdim olunan imkanları araşdırıb:

Böyük Britaniyada magistr proqramları adətən 1 il davam edir. Bu, Avropanın bir çox ölkəsindən fərqli olaraq daha qısa müddətli, lakin intensiv və sürətli proqram modelidir. Proqramlar əsasən “taught master” (dərs əsaslı magistr – mühazirə, seminar və imtahanlarla gedən proqram) və “research master” (tədqiqat əsaslı magistr – daha çox elmi araşdırmaya yönəlmiş proqram) olmaqla iki əsas hissəyə bölünür.

Qəbul zamanı universitetlər əsasən bakalavr diplomu, yüksək akademik göstərici (GPA - orta qiymət), motivasiya məktubu, CV (tərcümeyi-hal) və bəzi hallarda recommendation letter (tövsiyə məktubu) tələb edir. İngilis dili tələbi adətən IELTS (International English Language Testing System - İngilis dili biliklərini ölçən beynəlxalq imtahan) üzrə 6.0-7.0 aralığında olur, lakin daha prestijli universitetlərdə bu göstərici daha yüksək ola bilər.

Böyük Britaniyanın ən güclü universitetləri arasında Oksford Universiteti, Kembric Universiteti, London İqtisadiyyat Məktəbi və London Universitet Kolleci xüsusilə seçilir. Bu universitetlər həm qlobal reytinqlərdə, həm də iş bazarında çox güclü nüfuza malikdir.

Təhsil haqqı universitet və ixtisasdan asılı olaraq dəyişir və beynəlxalq tələbələr üçün adətən illik 12,000-35,000 funt sterlinq arasında olur. MBA və tibbə yaxın sahələrdə bu rəqəm daha yüksək ola bilər. Yaşayış xərcləri isə xüsusilə London kimi şəhərlərdə çox yüksəkdir və orta hesabla ayda 1,200-2,000 funt sterlinqə qədər çata bilər.

Böyük Britaniyada tələbələrə təhsil müddətində part-time (yarımştat iş) işləmək hüququ verilir, lakin həftəlik saat limiti var (adətən 20 saat). Tələbələr əsasən otelçilik və restoran sektoru, pərakəndə satış və universitet daxilində işlərdə çalışırlar.

Magistr təhsilini bitirən tələbələr üçün “Graduate Route Visa” (məzun vizası - təhsildən sonra ölkədə qalaraq işləməyə imkan verən viza) mövcuddur və bu viza adətən 2 il (PhD məzunları üçün 3 il) qalmaq imkanı yaradır. Bu, Böyük Britaniyada iş tapmaq və karyera qurmaq üçün vacib üstünlüklərdən biridir.

Böyük Britaniyada təhsil sistemi çox daha akademik reputasiya və tədqiqat yönümlü olduğu üçün tələbələrdən müstəqil araşdırma, tənqidi düşüncə və akademik yazı bacarığı yüksək səviyyədə tələb olunur.

Böyük Britaniyada universitetlər təkcə ümumi reytinqlərə görə deyil, həm də Russell Group (Russell Qrupu - tədqiqat yönümlü, yüksək akademik standartlara malik universitetlər birliyi) daxilində olub-olmamasına görə də qiymətləndirilir. Bu qrupdakı universitetlər daha çox elmi araşdırma, akademik keyfiyyət və qlobal nüfuz ilə seçilir. Russell Group-a daxil olan əsas universitetlər arasında Mançester Universiteti, Edinburq Universiteti , London Kral Kolleci, Bristol Universiteti və Uorvik Universiteti xüsusilə ön plana çıxır. Bu universitetlər həm tədris keyfiyyəti, həm də beynəlxalq iş bazarında tanınma baxımından yüksək səviyyədədir.

Böyük Britaniyada magistr ixtisasları çox geniş sahələri əhatə edir. Biznes və idarəetmə sahəsində MBA, Beynəlxalq Biznes - qlobal şirkətlərin idarə olunması, Maliyyə - bankçılıq və investisiya sahələri və Marketinq -bazar araşdırması və satış strategiyaları kimi ixtisaslar çox populyardır.

Texnologiya və informasiya sahəsində Kompüter Elmləri – proqramlaşdırma və sistemlərin öyrənilməsi, Süni İntellekt - maşın öyrənməsi və ağıllı sistemlər, Kibertəhlükəsizlik – rəqəmsaI sistemlərin qorunması və Məlumat Elmi - böyük məlumatların analizi kimi proqramlar geniş yayılıb və yüksək tələbat görür.

Mühəndislik sahəsində Mexanika Mühəndisliyi – mexaniki sistemlərin dizaynı və analizi, İnşaat Mühəndisliyi – tikinti və infrastruktur layihələri və Elektrik Mühəndisliyi – elektrik və enerji sistemləri kimi ixtisaslar mühüm yer tutur.

Sosial və humanitar sahələrdə isə Beynəlxalq Münasibətlər – dövlətlərarası əlaqələr və diplomatiya, Psixologiya – insan davranışının öyrənilməsi və Hüquq – hüquq sistemləri və beynəlxalq hüquq kimi sahələr tələbələr arasında populyardır.

Böyük Britaniyada universitet seçimi çox vaxt birbaşa ixtisasla bağlı olur. Məsələn, biznes və iqtisadiyyat sahəsində London İqtisadiyyat Məktəbi, mühəndislik və texnologiya sahəsində İmperial Kollec London, humanitar və sosial elmlər sahəsində Oksford Universiteti, elm və tədqiqat yönümlü sahələrdə isə Kembric Universiteti daha çox seçilən universitetlərdəndir.

Bundan əlavə Böyük Britaniyada magistr proqramlarının böyük əksəriyyəti “specialized master” formatında olur. Bu isə tələbələrə qısa müddətdə daha dərin və peşəkar ixtisaslaşma imkanı verir və məzunların iş bazarında rəqabət üstünlüyünü artırır.

Polşa son dərəcə məqbul və iqtisadi təhsil xərcləri ilə ali təhsildə yüksəlişdə olan ölkələrdən biridir. Mühəndislik proqramları ilə yanaşı Biznesin İdarəedilməsi, Beynəlxalq Münasibətlər və Sosial Elmlər kimi bölmələrə diqqət yetirən Polşa universitetləri, magistr proqramlarında Tibb və Stomatologiya təhsili verən Tibb Universitetləri ilə də diqqət çəkir. Bu bölmələrdən başqa; Mexanika Mühəndisliyi, Mexatronika, İnşaat Mühəndisliyi, Kompüter Mühəndisliyi, Psixologiya, Beynəlxalq İqtisadiyyat, Logistika kimi mühəndislik fakültələri ilə yanaşı MBA (Biznesin İdarəedilməsi üzrə Magistr proqramı) proqramları da diqqət çəkir.

Polşada magistratura təhsilinin müddəti oxunacaq fakültədən asılı olaraq 1 il yarım ilə 2 il arasında ola bilər. Bunlar ümumiyyətlə tezislə qəbul aparılan proqramlarıdır. Polşa universitetlərinə magistr qəbulu əsasən IELTS (Beynəlxalq İngilis Dili Qiymətləndirmə Sistemi) və TOEFL (Xarici Dil kimi İngilis Dilinin Testi) imtahanı nəticələrinə görə aparılır. Ortalama olaraq ən az 5.5 IELTS və ya 72 TOEFL göstəricisi tələb olunur. Hansı beynəlxalq imtahana hazırlaşacağınız təhsilinizi davam etdirəcəyiniz təhsil müəssisəsindən asılıdır. Həmçinin motivasiya məktubu və CV (tərcümeyi-hal) də qoyulan tələblər arasındadır.

Polşada magistr proqramlarının böyük əksəriyyəti həm polyak, həm də ingilis dilində təqdim olunur. Son illərdə xüsusilə beynəlxalq tələbələrin sayının artması ilə birlikdə ingilis dilli proqramların sayı əhəmiyyətli dərəcədə yüksəlib. Xüsusilə IT (İnformasiya Texnologiyaları), Süni İntellekt, Məlumat Analitikası (Data Science), Maliyyə (Finance), Marketinq (Marketing), Beynəlxalq Biznes (International Business) və Logistika sahələrində ingilis dilində geniş proqram seçimləri mövcuddur. Bu isə tələbələrə həm beynəlxalq diplom əldə etmək, həm də Avropa əmək bazarında daha rahat karyera qurmaq imkanı yaradır.

Polşada həm dövlət, həm də özəl universitetlər fəaliyyət göstərir. Dövlət universitetləri akademik reytinqləri və elmi fəaliyyəti ilə daha çox tanınsa da, özəl universitetlər daha çevik qəbul şərtləri və praktik yönümlü təhsil sistemi ilə diqqət çəkir. Xüsusilə Varşava, Krakov, Vrotslav və Poznan şəhərlərində yerləşən universitetlər beynəlxalq tələbələr tərəfindən daha çox seçilir. Bu universitetlərin bir çoxu Erasmus+ (Avropa tələbə mübadilə proqramı) və digər beynəlxalq mübadilə proqramlarında aktiv iştirak edir.

Magistratura proqramlarına qəbul zamanı yalnız dil sertifikatı deyil, bakalavr üzrə orta müvəffəqiyyət göstəricisi də nəzərə alınır. Bir çox universitet minimum GPA (orta akademik göstərici) tələbi qoyur. Bununla yanaşı bəzi proqramlarda online müsahibə, recommendation letter (tövsiyə məktubu) və research proposal (tədqiqat planı) kimi əlavə sənədlər də tələb oluna bilər. Xüsusilə tezis əsaslı proqramlarda tələbənin akademik maraq sahəsi və gələcək tədqiqat planı önəmli hesab olunur.

Polşa Avropada tələbələr üçün münasib yaşayış xərcləri ilə seçilən ölkələrdən biridir. Tələbələrin aylıq yaşayış xərcləri şəhərə və həyat tərzinə görə dəyişsə də, orta hesabla 350-800 avro arasında olur. Yataqxana qiymətləri digər Avropa ölkələri ilə müqayisədə daha münasibdir və tələbələr üçün nəqliyyat güzəştləri geniş şəkildə tətbiq olunur. Xüsusilə Lublin, Lodz və Opole kimi şəhərlərdə yaşayış xərcləri daha aşağıdır.

Polşada təhsil alan beynəlxalq tələbələrə işləmək hüququ da verilir. Magistr tələbələri əlavə iş icazəsi olmadan həm təhsil alıb, həm də part-time (yarımştat) işləyə bilirlər. Bu isə tələbələrin həm yaşayış xərclərini qarşılamağına, həm də Avropada iş təcrübəsi qazanmasına imkan yaradır. Xüsusilə IT (İnformasiya Texnologiyaları), logistika, xidmət sektoru və beynəlxalq şirkətlərdə xarici dil bilən tələbələr üçün iş imkanları daha genişdir.

Tələbələr Polşaya qəbul olduqdan sonra ilk mərhələdə D tipli tələbə vizası əldə edirlər. Təhsil müddətində uzunmüddətli qalmaq üçün isə “Karta Pobytu” adlı residence permit (müvəqqəti yaşayış icazəsi) müraciəti edilir. Bu sənəd tələbələrə Polşada rəsmi yaşamaq, işləmək və digər Schengen ölkələrinə səyahət etmək imkanı yaradır. Magistr təhsilini bitirən tələbələr üçün Polşada qalaraq iş tapmaq və sonradan uzunmüddətli yaşayış icazəsi almaq imkanları da mövcuddur.

Polşa universitetləri müxtəlif scholarship (təqaüd) proqramları ilə də beynəlxalq tələbələr üçün cəlbedici hesab olunur. Akademik göstəriciləri yüksək olan tələbələr üçün universitet daxili endirimlər, dövlət təqaüdləri və beynəlxalq maliyyə dəstəyi proqramları təqdim edilir. Bundan əlavə Polşa Bologna təhsil sisteminə daxil olduğu üçün burada əldə olunan magistr diplomları Avropa ölkələrinin böyük əksəriyyətində tanınır və məzunlara həm Avropada işləmək, həm də PhD (doktorantura) təhsili davam etdirmək imkanı yaradır.

İtaliyada magistr təhsili Avropada həm keyfiyyət, həm də nisbətən münasib təhsil haqqı ilə seçilən sistemlərdən biridir. Burada magistr proqramları adətən 2 il davam edir və 120 ECTS (Avropa Kredit Transfer Sistemi üzrə kreditlər) ilə tamamlanır. Təhsil sistemi əsasən Bolonya prosesinə uyğunlaşdırılıb, yəni diplomlar Avropanın böyük hissəsində tanınır.

İtaliyada universitetlər həm dövlət, həm də özəl sektora bölünür. Dövlət universitetlərində təhsil haqqı tələbənin ailə gəlirinə görə dəyişə bilər və çox vaxt 500-4000 avro aralığında olur. Özəl universitetlərdə isə bu məbləğ daha yüksəkdir və 6,000-20,000 avro və daha çox ola bilər.

İtaliyada qəbul prosesi universitetdən və ixtisasdan asılı olaraq dəyişir. Əsas sənədlərə bakalavr diplomu, transkript (akademik qiymət cədvəli), CV (tərcümeyi-hal), motivasiya məktubu və bəzi hallarda tövsiyə məktubu daxildir. İngilis dilli proqramlar üçün adətən IELTS və ya TOEFL tələb olunur, orta tələb isə 6.0-6.5 IELTS civarındadır.

İtaliyanın ən güclü universitetləri arasında Bolonya Universiteti (University of Bologna - Avropanın ən qədim universitetlərindən biri), Roma Sapienza Universiteti (Sapienza University of Rome), Milan Politexnik Universiteti (Politecnico di Milano) və Padua Universiteti (University of Padua) xüsusilə seçilir. Bu universitetlər həm mühəndislik, həm tibb, həm də humanitar sahələrdə güclü akademik nüfuza malikdir.

İtaliyada ən populyar magistr ixtisasları arasında mühəndislik (xüsusilə memarlıq, mexanika və inşaat mühəndisliyi), biznes və iqtisadiyyat, moda və dizayn, incəsənət və arxitektura, eləcə də kompüter elmləri və süni intellekt sahələri ön plandadır. İtaliya xüsusilə dizayn və moda sahəsində dünyada lider ölkələrdən biridir, buna görə də bu istiqamətdə təhsil alan tələbələr üçün böyük praktiki imkanlar mövcuddur.

Təhsil müddətində tələbələrə part-time (yarımştat iş) işləmək icazəsi verilir və xüsusilə böyük şəhərlərdə - Milan, Roma və Bolonya kimi - tələbə iş imkanları daha genişdir. Yaşayış xərcləri şəhərə görə dəyişir və orta hesabla ayda 700-1200 avro arasında olur.

İtaliyada həmçinin “DSU scholarship” kimi dövlət təqaüd proqramları mövcuddur. Bu təqaüdlər bəzən yalnız təhsil haqqını deyil, həm də yaşayış xərclərinin bir hissəsini əhatə edə bilir ki, bu da ölkəni beynəlxalq tələbələr üçün daha cəlbedici edir.

İtaliya magistr sistemi tələbələrə həm akademik, həm də praktiki bacarıqlar qazandırmağa yönəlib və xüsusilə Avropa əmək bazarına çıxış üçün güclü imkanlar yaradır.

Estoniya son illərdə xüsusilə rəqəmsal texnologiyalar və innovativ təhsil sistemi ilə Avropanın ən sürətlə inkişaf edən təhsil ölkələrindən birinə çevrilib. Ölkə “rəqəmsal dövlət” modeli ilə tanınır və xüsusilə İnformasiya Texnologiyaları, Kibertəhlükəsizlik, Süni İntellekt və Məlumat Analitikası sahələrində beynəlxalq tələbələr üçün geniş imkanlar təqdim edir. Bu səbəbdən Estoniya texnologiya yönümlü magistr proqramları üzrə Avropada ən çox seçilən ölkələrdən biridir.

Estoniya universitetlərində magistr proqramlarının böyük əksəriyyəti ingilis dilində tədris olunur. Magistr proqramlarına qəbul zamanı əsasən IELTS (Beynəlxalq İngilis Dili Qiymətləndirmə Sistemi) və ya TOEFL (Xarici Dil kimi İngilis Dilinin Testi) nəticələri tələb edilir. Adətən universitetlər minimum 6.0 IELTS və ya ekvivalent TOEFL nəticəsi tələb edirlər. Bununla yanaşı bəzi proqramlarda motivasiya məktubu, CV (tərcümeyi-hal), recommendation letter (tövsiyə məktubu) və online müsahibə mərhələsi də mövcud ola bilər.

Estoniyada təhsil xərcləri digər Avropa ölkələri ilə müqayisədə daha münasib hesab olunur. Magistr proqramlarının illik təhsil haqqı universitet və ixtisasdan asılı olaraq təxminən 2500–8000 avro arasında dəyişir. Xüsusilə IT və biznes yönümlü proqramlar beynəlxalq tələbələr arasında daha populyardır. Bundan əlavə, akademik göstəriciləri yüksək olan tələbələr üçün təqaüd və təhsil haqqından azadolma imkanları da təqdim olunur.

Estoniya beynəlxalq tələbələr üçün təhlükəsiz və rahat yaşayış imkanları ilə seçilir. Tələbələrin aylıq yaşayış xərcləri orta hesabla 400-900 avro arasında dəyişir. Tallin digər şəhərlərlə müqayisədə daha bahalı hesab olunsa da, Tartu tələbə şəhəri kimi daha münasib yaşayış imkanları təqdim edir. Yataqxana, ictimai nəqliyyat və tələbə endirimləri beynəlxalq tələbələrin büdcəsinə uyğun hesab olunur.

Estoniyada magistr təhsili alan tələbələrə işləmək hüququ da verilir. Beynəlxalq tələbələr təhsil müddətində əlavə iş icazəsi olmadan part-time (yarımştat) işləyə bilirlər. Xüsusilə IT, proqramlaşdırma, start-up (yenilikçi texnologiya şirkətləri) və xidmət sektorunda tələbələr üçün iş imkanları kifayət qədər genişdir. Estoniya Avropanın ən güclü start-up ekosistemlərindən birinə sahib olduğu üçün tələbələr təhsil müddətində praktiki iş təcrübəsi qazanmaq imkanı əldə edirlər.

Magistr təhsilini bitirən beynəlxalq tələbələr üçün Estoniyada qalaraq iş axtarmaq imkanları da mövcuddur. Estoniya hökuməti yüksək ixtisaslı məzunların ölkədə qalmasını və əmək bazarına inteqrasiya etməsini dəstəkləyir. Xüsusilə texnologiya və mühəndislik sahələrində məzun olan tələbələr üçün iş tapmaq imkanları daha yüksək hesab olunur. Bundan əlavə Estoniya Bologna təhsil sisteminə daxil olduğu üçün burada əldə olunan magistr diplomları Avropa ölkələrinin əksəriyyətində tanınır və tələbələrə həm Avropada işləmək, həm də PhD (doktorantura) təhsilini davam etdirmək imkanı yaradır.

Estoniyada tövsiyə edilən universitetlərə Tartu Universiteti, Tallinn Texnologiya Universiteti, Tallinn Universiteti, Estoniya Həyat Elmləri Universiteti və Estoniya Rəssamlıq Akademiyası daxildir. Bu universitetlər ölkənin ən güclü ali təhsil müəssisələri hesab olunur və həm akademik keyfiyyət, həm də beynəlxalq proqramların çoxluğu ilə seçilirlər.

Finlandiyada magistratura proqramları adətən 2 il (120 ECTS - Avropa Kredit Transfer Sistemi üzrə kredit) davam edir və tələbənin akademik yüklənməsi və tədqiqat sürəti proqramın çərçivəsində müəyyən qədər çevik ola bilir. Magistr təhsili əsasən bakalavr dərəcəsindən sonra ikinci akademik səviyyədir və birbaşa PhD (doktorantura – ən yüksək elmi dərəcə) təhsilinə keçid imkanı yaradır.

Finlandiyada qəbul sistemi digər Avropa ölkələri ilə müqayisədə daha rəqabətlidir. Universitetlər əsasən bakalavr diplomu, akademik göstəricilər (GPA - orta qiymət), motivasiya məktubu, CV (tərcümeyi-hal) və bəzi hallarda tövsiyə məktubları tələb edir. İngilis dilli proqramlar üçün isə IELTS (Beynəlxalq İngilis dili qiymətləndirmə sistemi) və ya TOEFL (İngilis dilinin xarici dil kimi test edilməsi) nəticələri tələb olunur. Adətən minimum 6.0–6.5 IELTS balı istənilir.

Finlandiyada təhsil sistemi xüsusilə tədqiqat yönümlü və praktik əsaslıdır. Tələbələr yalnız nəzəri dərslərlə deyil, eyni zamanda layihələr, qrup işləri və real sənaye problemləri üzərində işləyirlər. Bu səbəbdən Finlandiya universitetləri tələbələrə müstəqil düşünmə və araşdırma bacarıqlarını inkişaf etdirmək imkanı yaradır.

Ən çox seçilən universitetlər arasında University of Helsinki, Aalto University və University of Turku xüsusilə ön plana çıxır. Bu universitetlər həm Avropada, həm də dünya reytinqlərində yüksək mövqedədir və beynəlxalq tələbələr üçün geniş proqram seçimi təklif edir.

Finlandiyada magistr proqramları xüsusilə mühəndislik, informasiya texnologiyaları, süni intellekt, biznes idarəetməsi, təhsil elmləri və ətraf mühit elmləri sahələrində güclüdür. Son illərdə “sustainable development” (dayanıqlı inkişaf – iqtisadi və ekoloji balansı qoruyan inkişaf modeli) və “green technology” (yaşıl texnologiya – ətraf mühitə az təsir edən texnologiyalar) sahələri də çox populyarlaşıb.

Təhsil haqqı Avropa İttifaqı (EU/EEA) xaricindən gələn tələbələr üçün universitet və proqramdan asılı olaraq illik təxminən 8,000–18,000 avro arasında dəyişir. Bununla yanaşı bir çox universitetlər “scholarship” (təqaüd – təhsil xərclərinin qismən və ya tam ödənilməsi) imkanları da təqdim edir.

Yaşayış xərcləri Finlandiyada nisbətən yüksəkdir və orta hesabla ayda 700–1,200 avro arasında dəyişə bilər. Helsinki kimi böyük şəhərlərdə xərclər daha yüksək, kiçik şəhərlərdə isə daha münasibdir. Tələbələr üçün yataqxana və ictimai nəqliyyat endirimləri geniş tətbiq olunur.

Finlandiyada tələbələrə təhsil müddətində part-time (yarımştat) işləmək hüququ verilir. Xüsusilə IT, xidmət sektoru və universitet daxili işlər tələbələr üçün daha əlçatandır.

Magistr təhsilini bitirdikdən sonra tələbələrə Finlandiyada müəyyən müddət qalaraq iş axtarmaq imkanı verilir. Bu isə ölkədə uzunmüddətli karyera qurmaq və sonradan residence permit (yaşayış icazəsi) əldə etmək üçün real imkan yaradır.

Bakıya qarşı MÜHARİBƏ ELANI - Putin agenturanı hərəkətə keçirdi
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox