Azedu.az

İlahiyyat İnstitutunda magistratura üzrə ixtisasların sayı artıb - Rektor

Rektorlar

14 May 2026, 11:54
İlahiyyat İnstitutunda magistratura üzrə ixtisasların sayı artıb - Rektor

“Azərbaycan İlahiyyat İnstitutunda bakalavriat səviyyəsində hazırda İslamşünaslıq və Dinşünaslıq ixtisasları üzrə tədris aparılır”.

Bu sözləri Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov AzEdu.az-ın suallarını cavablandırarkən qeyd edib.

Rektor qeyd edib ki, növbəti tədris ili üçün yeni bakalavr ixtisaslarının açılması nəzərdə tutulmur. Əsas yeniliklər magistratura səviyyəsində həyata keçirilib:

"Bu ildən etibarən xüsusilə İslamşünaslıq ixtisası daxilində şaxələnmə aparılıb. Əvvəllər “Dinin fəlsəfəsi”, “Dinin sosiologiyası”, “Dinin psixologiyası”, Dinlərin tarixi və İslamşünaslıq ixtisaslarımız var idisə, artıq İslamşünaslıq özü də daxildə bölünüb. Bunun nəticəsində magistratura səviyyəsində ixtisaslaşmaların sayı təxminən 10-a çatıb”.

Rektor əlavə edib ki, doktorantura səviyyəsində Dinlərin tarixi və fəlsəfəsi, həmçinin Dinşünaslıq istiqamətləri üzrə tədris davam etdirilir.

Aqil Şirinov institutun beynəlxalq əlaqələrinin də genişləndiyini vurğulayıb.

Onun sözlərinə görə, ali təhsil müəssisəsinin dünyanın 30-dan çox universiteti ilə əməkdaşlıq müqaviləsi mövcuddur və bu əməkdaşlıqlar praktik mübadilə proqramları ilə müşayiət olunur.

“Bu il Qazaxıstandakı Nur-Mübarək Universitetinə iki tələbəmizi göndərmişdik. Onlar bir semestr ərəb dilində təhsil aldılar. Sevindirici haldır ki, ərəblərin də iştirak etdiyi yarışmada Azərbaycan İlahiyyat İnstitutunun tələbəsi ərəb dili üzrə ikinci yerə layiq görüldü”, - deyə o bildirib.

Rektorun sözlərinə görə, xarici tələbələrin də instituta marağı var:

“Xüsusilə Türkiyə və Gürcüstandan tələbələrimiz var. Təxminən 10-dan artıq xarici tələbəmiz olub. 300 nəfərlik universitet üçün bu göstərici az deyil. İinstitut Türkiyə, Qazaxıstan, Özbəkistan, Pakistan, İndoneziya, Malayziya, ABŞ, Rusiya və Gürcüstanın müxtəlif ali təhsil müəssisələri ilə əməkdaşlıq edir".

O, məktəblərlə əməkdaşlıq məsələsinə də toxunaraq bildirib ki, institut ölkənin müxtəlif bölgələrində maarifləndirmə tədbirləri həyata keçirir:

“Biz məktəblərdə həm İlahiyyat İnstitutunu və İlahiyyat Kollecini tanıdırıq, həm də dini maarifləndirmə istiqamətində fəaliyyət göstəririk. Xüsusilə dini radikalizm və dini savadlılıq mövzularında məktəblərdə mühazirələr oxuyuruq.

Azərbaycan İlahiyyat İnstitutu Elm və Təhsil Nazirliyi ilə birlikdə məktəb dərsliklərindəki dini məzmunların qiymətləndirilməsi prosesində də iştirak edir.

"Həyat bilgisi", "Tarix", "Ədəbiyyat" kimi dərsliklərdə dini kontentlər mövcuddur və institut bu məzmunların dəyərləndirilməsində aktiv iştirak edir”.

Rusiyada namaz QADAĞASI - Bunu edən şəxslər ölkədən qovulur!
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox