Azedu.az

LDU  beynəlxalq akademik əməkdaşlıqlarını genişləndirir

Xəbərlər

30 Aprel 2026, 20:03
LDU  beynəlxalq akademik əməkdaşlıqlarını genişləndirir

Xorvatiya Respublikasının Zaqreb Universitetinin Baytarlıq fakültəsinin dekanı Prof. Dr. Marko Samardžija və dekan müavini Prof. Dr. Gordana Gregurić Gračner Lənkəran Dövlət Universitetinə səfər edib.

AzEdu.az xəbər verir ki, Xorvatiyalı qonaqları Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov  qəbul edib. Görüş zamanı ali təhsil müəssisələri arasında beynəlxalq akademik əməkdaşlığın inkişaf perspektivləri, baytarlıq təhsili və elmi-tədqiqat sahəsində qarşılıqlı fəaliyyət imkanları, müasir tədris yanaşmalarının tətbiqi, eləcə də beynəlxalq elmi inteqrasiyanın gücləndirilməsi məsələləri müzakirə edilib.

Səfər proqramı yaddaqalan görüşlərlə zəngin olub. LDU-nun professor-müəllim-tələbə heyəti ilə dəyirmi masa ətrafında akademik müzakirələr aparılıb, hər iki universitetin fəaliyyəti, tədris və elmi istiqamətləri barədə təqdimatlar edilib. Xorvatiyalı qonaqlar LDU-nun Baytarlıq klinikası, buranın maddi-texniki bazası, praktik imkanları ilə  tanış olublar.

Səfər çərçivəsində tələbələrlə görüş keçirilib, beynəlxalq təhsil imkanları ilə bağlı fikir mübadiləsi aparılıb. Lənkəran Dövlət Universitetinin Tədris və Keyfiyyət Təminatı şöbəsinin fəaliyyəti, tədrisin keyfiyyətinin yüksəldilməsi, qiymətləndirmə sistemləri və beynəlxalq standartlara uyğunlaşdırma istiqamətində aparılan işlər qonaqlarda xoş təəssürat yaradıb. LDU-nun aqrar təcrübə bazası, sitrus bağı ilə tanışlıq da qonaqların ürəyincə olub. Tələbələrin təqdim etdiyi konsert proqramı xorvatiyalı qonaqlar tərəfindən maraqla qarşılanıb.

Səfər LDU-nun və Zaqreb Universitetinin  Baytarlıq fakültələri arasında əməkdaşlığa dair müqavilənin imzalanması ilə yaddaqalan olub. İmzalanmış əməkdaşlıq sənədi tələbə və professor-müəllim heyətinin akademik mobilliyinin təşviq olunmasını, qarşılıqlı tələbə və müəllim mübadiləsi proqramlarının həyata keçirilməsini, birgə elmi-tədqiqat layihələrinin hazırlanmasını, beynəlxalq seminar, simpozium və konfransların təşkilini, həmçinin baytarlıq elminin aktual istiqamətləri üzrə təcrübə və bilik mübadiləsinin genişləndirilməsini nəzərdə tutur.

Sonda xatirə hədiyyələri təqdim edilib.

 

 

 

İranda əhali küçələrə axışdı - Yeni aksiya dalğası başladı
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox