Azedu.az

Disleksiya: oxuma çətinliyi, yoxsa fərqli öyrənmə tərzi?

Xəbərlər

22 Aprel 2026, 14:54
Disleksiya: oxuma çətinliyi, yoxsa fərqli öyrənmə tərzi?

Disleksiya nədir?

Disleksiya oxu, yazı və sözlərin düzgün tanınması ilə bağlı çətinlik yaradan spesifik öyrənmə pozuntusudur. Bu vəziyyətdə uşaq və ya böyüklər hərflərlə səslər arasındakı əlaqəni qurmaqda çətinlik çəkir, nəticədə sözləri yavaş, səhv və ya çətinliklə oxuyur. Disleksiya zəka geriliyi demək deyil; əksinə, bu şəxslərin intellekti normal və ya yüksək ola bilər. Problem beynin dili emal etmə üsulundakı fərqlə bağlıdır. Disleksiyası olan uşaqlar çox vaxt eşitmə və görmə baxımından sağlam olsalar da, oxuma və yazma zamanı yaşıdlarından geri qala bilirlər. Erkən müəyyən edildikdə və düzgün dəstək verildikdə, onlar təhsildə uğur qazana bilirlər.

Disleksiyanın əlamətləri

Disleksiyanın əlamətləri yaşa görə dəyişə bilər. Məktəbəqədər dövrdə uşaq gec danışa, yeni sözləri gec öyrənə, qafiyəli sözləri ayırd etməkdə və ya hərfləri, rəqəmləri yadda saxlamaqda çətinlik çəkə bilər. Məktəb yaşında isə aşağıdakı əlamətlər daha çox nəzərə çarpır:

- sözləri yavaş və səhv oxumaq;
- hərfləri və ya hecaları qarışdırmaq;
- “b” və “d”, “p” və “q” kimi hərfləri səhv salmaq;
- oxuduğu sözü düzgün tələffüz edə bilməmək;
- yazıda çoxlu səhvlər etmək;
- eşitdiyini başa düşsə də, yazılan mətni anlamaqda çətinlik çəkmək;
- oxu və yazı tapşırıqlarına yaşıdlarından daha çox vaxt sərf etmək;
- ardıcıllığı yadda saxlamaqda çətinlik çəkmək.

Bəzən disleksiyası olan uşaqlar sağ və solu qarışdırır, həftənin günlərini və ya əlifbanın ardıcıllığını yadda saxlamaqda çətinlik çəkirlər. Bu əlamətlər davamlı olduqda, mütəxəssis tərəfindən qiymətləndirmə aparılması vacibdir.

Disleksiyanın səbəbləri

Disleksiyanın dəqiq səbəbi tam məlum olmasa da, araşdırmalar göstərir ki, bu vəziyyət əsasən genetik və neyroinkişaf amilləri ilə bağlıdır. Ailədə disleksiya olan şəxslər varsa, uşağın da Disleksiya yaşamaq ehtimalı artır. Beynin dili emal edən sahələrinin inkişaf xüsusiyyətləri hərfləri və səsləri birləşdirməyi çətinləşdirir. Xüsusilə, sözün səslərini ayırmaq və həmin səsləri hərflərlə əlaqələndirməkdə yaranan çətinlik disleksiyanın əsas səbəblərindən biri hesab olunur.

Bununla yanaşı, erkən yaşda dil inkişafındakı zəifliklər, uşağın kifayət qədər dil təcrübəsi qazanmaması və ya məktəbdə uyğun tədris metodunun olmaması disleksiyanın təsirini daha da artırır. Lakin vacib məqam odur ki, disleksiya pis tədris, tənbəllik və ya zəif zəka nəticəsində yaranmır.

Disleksiyanın inklüziv təhsildəki yeri

İnklüziv təhsildə disleksiyası olan uşaqların adi sinifdə təhsil alması və digər uşaqlarla birlikdə öyrənməsi əsas prinsip hesab olunur. Belə uşaqların sinifdən ayrılması deyil, onların ehtiyaclarına uyğunlaşdırılmış tədris mühitinin yaradılması vacibdir. Müəllimlər tapşırıqları sadələşdirə, mətnləri daha iri şriftlə verə, əlavə vaxt ayıra və şifahi izahdan daha çox istifadə edə bilərlər.

Disleksiyası olan şagirdlər üçün multisensor yanaşma — yəni görmə, eşitmə və toxunmanı birlikdə istifadə edən təlim üsulu — daha faydalıdır. Məsələn, uşaq sözü həm görür, həm səsləndirir, həm də yazır. Bu, məlumatın daha yaxşı mənimsənilməsinə kömək edir. İnklüziv təhsildə əsas məqsəd uşağın zəif tərəflərinə deyil, güclü tərəflərinə söykənmək və onun özünəinamını qorumaqdır. Düzgün yanaşma olduqda disleksiyası olan şagirdlər də uğurla təhsil ala və cəmiyyətə tam inteqrasiya oluna bilirlər.

Disleksiyanın anlamaya və oxumağa təsiri

Disleksiya ilk növbədə oxuma sürətinə və düzgünlüyünə təsir edir. Uşaq sözü tanımaq üçün çox enerji sərf etdiyinə görə, mətnin mənasını anlamağa kifayət qədər diqqət ayıra bilmir. Məsələn, şagird cümlədəki sözləri ayrı-ayrılıqda oxuya bilər, lakin bütöv fikri başa düşməkdə çətinlik çəkər. Buna görə də, disleksiyası olan uşaqlar tez-tez “oxuyur, amma anlamır” kimi görünə bilirlər.

Oxuma zamanı yaranan çətinliklər dərslərin digər sahələrinə də təsir göstərir. Tarix, coğrafiya, biologiya kimi fənlərdə də şagird mətni oxumaqda çətinlik çəkdiyi üçün məlumatı öyrənməsi ləngiyir. Davamlı uğursuzluq hissi isə uşağın özünəinamını azalda, məktəbə marağını zəiflədə bilər. Buna görə də, disleksiyanın yalnız oxuma problemi deyil, həm də ümumi öyrənməyə və psixoloji vəziyyətə təsir edən bir vəziyyət olduğu nəzərə alınmalıdır.

Pedaqoq Təranə Möhsünova

Rusiya ŞOK HÜCUM - Əhali təxliyyə olunur, dağıntılar var
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox