Qəzza zolağında havaların isinməsi ilə siçovul və digər həşəratların sayı sürətlə artıb.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, çadırlarda yaşayan məcburi köçkün ailələr xüsusilə uşaqların bu vəziyyətdən ciddi zərər gördüyünü bildirir.
Yerli sakinlərin sözlərinə görə, gəmiricilər gecələr çadırlara daxil olaraq uşaqları dişləyir. Xan Yunus yaxınlığında yaşayan bir ata bildirib ki, hətta oğlunun burnu belə siçan tərəfindən dişlənib və o, gecə boyu uşaqlarını qorumaq üçün oyaq qalır.
Həkimlər isə xəbərdarlıq edir ki, sanitariya şəraitinin olmaması və təmiz su çatışmazlığı səbəbindən uşaqlar arasında dəri infeksiyaları, xüsusilə qoturluq halları artır. Birə dişləmələri də allergik reaksiyalara səbəb olur.
Mütəxəssislərə görə, yay aylarının yaxınlaşması ilə vəziyyət daha da ağırlaşacaq və ən böyük riski yenə uşaqlar daşıyacaq.