Çin Xalq Respublikasının Pekin Kimya Texnologiya Universitetinin (PKTU) rektoru Tan Tianveinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Bakı Mühəndislik Universitetinin (BMU) müasir laboratoriyaları ilə tanış olub.
AzEdu.az xəbər verir ki, qonaqlara universitetdə yaradılmış elmi-tədqiqat mühiti, innovativ laboratoriya infrastrukturu və mühəndislik ixtisasları üzrə həyata keçirilən praktik tədris imkanları barədə ətraflı məlumat verilib.
Çin nümayəndə heyəti BMU-nun elmi-texniki bazasının inkişafını yüksək qiymətləndirib və tələbələr üçün yaradılmış müasir tədris şəraitinin beynəlxalq standartlara uyğunluğunu qeyd edib.
BMU rəsmiləri universitetdə tətbiq olunan innovativ tədris yanaşmaları, eləcə də PKTU ilə birgə həyata keçirilən ikili diplom proqramı çərçivəsində aparılan fəaliyyətlər haqqında da məlumat təqdim ediblər. Tərəflər arasında əməkdaşlığın elmi-tədqiqat və texnologiya mübadiləsi istiqamətində genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, ötən gün BMU-da “PKTU-BMU Mühəndislik fakültəsi”nin rəsmi açılış mərasimi keçirilib. Fakültədə tədris 3+1 modeli əsasında təşkil olunacaq. Hər tədris ili üzrə 100 tələbənin qəbulunun nəzərdə tutulduğu fakültədə kompüter elmləri/süni intellekt, kimya mühəndisliyi, biotexnologiya, həmçinin mexanika mühəndisliyi sahələri üzrə kadrlar hazırlanacaq. Tədrisi uğurla başa vuran tələbələr hər iki universitetin diplomuna yiyələnmək imkanı əldə edəcəklər. Fakültə çərçivəsində tələbələr üçün yeni laboratoriyalar, birgə elmi-tədqiqat imkanları, akademik mübadilə proqramları imkanı yaradılacaq.
Bundan başqa, ötən ilin aprelində BMU ilə PKTU arasında imzalanmış ikili diplom proqramı çərçivəsində 6 ixtisas- kimya, kompüter və mexanika mühəndisliyi, o cümlədən kimya, biotexnologiya, biznesin idarəedilməsi üzrə tələbələrin həm Azərbaycanda, həm də Çində təhsil almasına imkan yaradılıb.
Bu əməkdaşlıqlar iki ölkə arasında ali təhsil sahəsində strateji tərəfdaşlığın inkişafına töhfə verir.