Avstriyada supermarketlərdə satılan, Almaniya mərkəzli şirkət tərəfindən istehsal edilən uşaq qidasında siçan zəhəri aşkar edilib.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, Almaniyada aparılan araşdırmalar çərçivəsində Avstriya tərəfi də xəbərdar edilib və şübhəli məhsulların ölkə daxilində dövriyyədə ola biləcəyi bildirilib.
Polis əhaliyə müraciət edərək satışa çıxarılmış bəzi uşaq qidası və əlavə qida məhsullarının zəhərli ola biləcəyi ilə bağlı təcili xəbərdarlıq edib.
Rəsmilər bildiriblər ki, Çexiya və Slovakiyada da oxşar şəkildə işarələnmiş məhsullar polis tərəfindən müsadirə edilib və aparılan analizlər nəticəsində həmin məhsulların tərkibində siçan zəhəri olduğu təsdiqlənib.
Vətəndaşlara tövsiyə edilir ki, bankanın alt hissəsində qırmızı dairəli ağ etiketin olması, qapağın əvvəlcədən açılmış və ya zədələnmiş görünməsi, açılış zamanı təhlükəsizlik səsinin eşidilməməsi və qeyri-adi qoxu kimi hallara diqqət yetirsinlər.
Ehtiyat tədbiri olaraq supermarket şəbəkəsi sözügedən şirkətə məxsus bütün uşaq qidası məhsullarını satışdan geri çağırıb.
İstehsalçı şirkət isə açıqlamasında bildirib ki, məhsullara istehsal mərhələsində deyil, sonradan kənar müdaxilə edildiyi ehtimal olunur.