https://www.zirve.edu.az/ http://unec.edu.az/unec-de-4-ilde-iki-diplom-udid-proqrami/
2019-01-17 17:00:00
Rəsulzadənin barelyefini oğurlayan şəxs tutuldu

Azərbaycanın görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin Novxanı qəsəbəsində yerləşən barelyefini oğurlayan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

AzEdu.az xəbər verir ki, Novxanı bələdiyyəsindən “Report”a verilən məlumata görə, bu, həmin qəsəbədə yaşayan Emin Məmmədov adlı şəxsdir.

Xatırladaq ki, yanvarın 15-nə keçən gecə baş vermiş hadisəni ilk olaraq Modern.az saytı ictimailəşdirmişdi. 

Hadisədən sonra Abşeron Rayon İcra Hakimiyyətinin mətbuat katibi Seymur Qasımbəyli faktın araşdırıldığını demişdi:

“Novxanı bələdiyyəsinə yeni baralyefin hazırlanıb yerinə asılması ilə bağlı göstəriliş verilib. Yaxın günlərdə yeni baralyef asılacaq”.

Məhəmməd Əmin Rəsulzadənin vaxtilə yaşadığı həmin ev uzun müddətdir uşaq bağçası kimi fəaliyyət göstərir. 

Oğurlanmış mis barelyefin həmin yerə 1992-1993-cü illərdə vurulduğu bildirilir.

Xatırladaq ki, ötən illərdə bəzi tanınmış simalar dəfələrlə müvafiq qurumlar qarşısında Rəsulzadənin doğulub, boya-başa çatdığı həmin evin muzeyə çevrilməsi təşəbbüsü ilə çıxış ediblər.