Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nümayəndə heyəti Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Fərabi adına Qazax Milli Universitetində (KazNU) səfərdə olub.
AzEdu.az xəbər verir ki, səfər çərçivəsində ADNSU-nu Əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Səbinə Əliyeva, həmin şöbənin baş mütəxəssisi İlhamə Osmanova və İctimai əlaqələr və marketinq şöbəsinin müdiri Xülya Sabirli təmsil ediblər. Görüş universitetin akademik məsələlər üzrə prorektoru, dosent Alina Qaleyeva ilə keçirilib.
Tərəflər arasında keçirilən görüşdə təhsil və elmi istiqamətdə əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri geniş şəkildə müzakirə olunub. Xüsusilə, ikili diplom proqramlarının hazırlanması, doktorantura səviyyəsində ikili elmi rəhbərlik imkanları, akademik mobillik və tədqiqat təcrübəsi mübadiləsi, eləcə də birgə beynəlxalq konfransların təşkili məsələləri ön plana çıxarılıb.
Eyni zamanda, ADNSU alimlərinin Əl-Fərabi adına Qazax Milli Universitetinin elmi jurnallarında məqalələrinin dərc olunması və bu istiqamətdə əməkdaşlığın davam etdirilməsi məsələləri müzakirə edilib.
Görüş tərəflər arasında akademik və elmi əlaqələrin daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, Əl-Fərabi adına Qazax Milli Universiteti “QS World University Rankings 2026” üzrə 166-cı yerdə qərarlaşır və regionun aparıcı ali təhsil müəssisələrindən biri hesab olunur.