UNICEF Lübnanda davam edən toqquşmaların uşaqlar üçün ağır və dağıdıcı nəticələr doğurduğunu açıqlayıb.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, qurumun yaydığı son məlumatlara görə, bölgədə artan gərginlik xüsusilə azyaşlılar arasında ciddi itkilərə səbəb olur.
UNICEF bildirib ki, atəşkəs ümidlərinin artdığı bir vaxtda həyata keçirilən İsrail hava hücumları nəticəsində təkcə bir gün ərzində 33 uşaq həyatını itirib, 153 uşaq isə yaralanıb. 2 mart tarixindən bu yana isə ölkə üzrə öldürülən və ya yaralanan uşaqların sayı 600-ə çatıb.
Məlumatda qeyd olunur ki, dağıntılar altından çıxarılan uşaqlarla yanaşı, hələ də itkin düşən və ya ailələrindən ayrı düşən azyaşlılarla bağlı xəbərlər daxil olmaqdadır.
Toqquşmalar nəticəsində ölkədə məcburi köçkünlərin sayı 1 milyonu keçib. Onların təxminən 390 minini uşaqlar təşkil edir. Ailələr bombardmanlar səbəbindən sosial infrastrukturun dağıldığı əraziləri tərk etməyə məcbur qalır.
UNICEF beynəlxalq humanitar hüquqa əsasən uşaqların və mülki şəxslərin hər bir şəraitdə qorunmalı olduğunu xatırladaraq, tərəfləri dərhal atəşkəsə çağırıb. Qurum həmçinin xüsusilə sıx məskunlaşmış ərazilərdə geniş təsir radiusuna malik partlayıcı silahların istifadəsinin dayandırılmasını tələb edib.