Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-17 13:00:00
Məşhur müğənni təhsilə 250 min pul bağışladı

Türkiyənin məşhur müğənnisi Murat Boz Türk Təhsil Vəqfinə 250 min TL (79 min manat) pul bağışlayıb.

AzEdu.az “Hürriyet”ə istinadən xəbər verir ki, vəqfin baş direktoru Yıldız Günay hesablarına bu qədər pul köçürülməsinə təəccübləndiklərini bildirib.   

O qeyd edib ki, vəsait böyük məbləğdə olduğuna görə bu xeyirxah insanın kimliyini araşdırıblar:

"Hesab qəbzində ad və telefon nömrəsi vardı. Zəng edib soruşduq ki, siz bizim tanıdığımız müğənni, aktyor Murad Bozsunuz? Cavab verdi ki, bəli. İkinci sualımız o oldu ki, 250 min lirəni doğurdan Türk Təhsil Vəqfinə bağışlamısınız yoxsa burada bir yanlışlıq var? Dedi ki, bəli, Türk Təhsil Vəqfinə göndərmişəm. Məqsədim təhsilə dəstək verməkdir. Gələcəkdə büdcəm uyğun olduğu təqdirdə vəqfə yardımı davam etdirəcəyəm". 

Y.Günayın sözlərinə görə, adətən Türk Təhsil Vəqfinə yüksək miqdarda ianələr yanlışlıqla ödənilir:

"Əgər kimsə bizim quruma böyük məbləğdə pul bağışlayırsa, həmin xeyriyyəçi ilə tanış olmaq istəyirik". 

O bildirib ki, vəqfin İdarə Heyəti ilə əlaqədə olmadan, gizlin şəkildə bu miqdarda ianələr edənlər az olur.

Pop ulduz "Pulu, əlbəttə, Vəqfin hesabına göndərmişəm. Təhsilə bir qatqım olsun deyə" telefonda bildirib.