İsveç hökuməti təhsil sistemində mühüm dəyişikliklərə hazırlaşır.
AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, son illərdə məktəblərdə rəqəmsal texnologiyaların geniş istifadəsinin şagirdlərin oxu və diqqət bacarıqlarına mənfi təsir göstərdiyi qənaətinə gələn ölkə rəhbərliyi yeni addımlar atır.
Hökumət məktəblərdə ənənəvi tədris vasitələrinin rolunu artırmaq məqsədilə çap olunmuş dərslik və bədii ədəbiyyatın istifadəsinə böyük məbləğdə vəsait ayırıb. Ayrılan vəsaitin həcmi 130 milyon dollardan çox qiymətləndirilir. Bu addımın əsas məqsədi şagirdlərin oxu vərdişlərini gücləndirmək və dərs zamanı diqqətin daha yaxşı cəmlənməsinə nail olmaqdır.
Eyni zamanda, rəqəmsal cihazların istifadəsinə də məhdudiyyətlər tətbiq olunacaq. Planlara əsasən, 2026-cı ilin payızından etibarən ölkə üzrə məktəblərdə mobil telefonların istifadəsi qadağan ediləcək. Şagirdlər dərs zamanı telefonlardan istifadə edə bilməyəcək, cihazlar dərs saatlarında müəllimlər tərəfindən nəzarətdə saxlanılacaq.
Mütəxəssislər hesab edir ki, bu dəyişikliklər təhsilin keyfiyyətinin artırılmasına və şagirdlərin akademik nəticələrinin yaxşılaşmasına müsbət təsir göstərəcək. Bununla yanaşı, İsveç rəqəmsal texnologiyalardan tam imtina etmir, əksinə, onların istifadəsində daha balanslı yanaşma tətbiq etməyi planlaşdırır.