Tədbirin açılış nitqini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov etmişdir.
AzEdu.az xəbər verir ki, o, çıxışında 1918-ci ilin mart hadisələrinin Azərbaycan xalqına qarşı törədilmiş ən ağır və amansız cinayətlərdən biri olduğunu vurğulamış, bu faciənin xalqımızın tarixi yaddaşında dərin və silinməz iz buraxdığını qeyd etmişdir. Bildirmişdir ki, həmin dövrdə minlərlə günahsız insan yalnız milli mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəni və tarixi abidələr məhv edilmişdir.
Akademik Urxan Ələkbərov xüsusi olaraq qeyd etmişdir ki, bu hadisələrə hüquqi-siyasi qiymətin verilməsi məhz ümummilli lider Heydər Əliyev tərəfindən mümkün olmuş, onun təşəbbüsü ilə 31 mart – Azərbaycanlıların Soyqırımı Günü kimi rəsmi şəkildə elan edilmişdir. Bu qərar tarixi həqiqətlərin üzə çıxarılması və beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Rektor həmçinin vurğulamışdır ki, bu gün İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl siyasət nəticəsində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mühüm addımlar atılır, tarixi ədalətin bərpası və milli yaddaşın qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi diqqətdə saxlanılır.
O, gənclərin bu məsələlərdə daha fəal olmasının vacibliyini qeyd edərək bildirmişdir ki, tarixi yaddaşın qorunması, milli kimliyin dərk edilməsi və vətənpərvərlik ruhunun gücləndirilməsi hər bir vətəndaşın borcudur. Xüsusilə ali təhsil müəssisələrində keçirilən bu kimi maarifləndirici tədbirlər gənc nəslin düzgün formalaşmasında mühüm rol oynayır.
Daha sonra çıxış edən Tarix kafedrasının müdiri, dosent Firdovsiyə Əhmədova soyqırım barədə ətraflı məlumat vermişdir. O, 1918-ci il hadisələrinin səbəbləri, gedişatı və nəticələri, eləcə də bu proseslərin Azərbaycan Ermənistan münasibətlərinə təsiri barədə geniş təhlil aparmış, arxiv materialları və tarixi faktlara əsaslanaraq mövzunu izah etmişdir.
Tədbir çərçivəsində iştirakçılar arasında mövzu ətrafında fikir mübadiləsi aparılmış, gənclərin sualları cavablandırılmışdır. Qeyd olunmuşdur ki, bu kimi tədbirlər tələbələrdə tarixi şüurun formalaşması və milli dəyərlərə bağlılığın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.