ABŞ-ın El-Paso şəhərindəki Texas Universitetinin alimləri tərəfindən aparılan yeni tədqiqat, gecə saatlarında qəbul edilən kofeinin davranışlara təsiri ilə bağlı maraqlı faktlar ortaya çıxarıb.
AzEdu.az xəbərinə görə, "iScience" elmi jurnalında dərc olunan araşdırma göstərir ki, gecə içilən qəhvə impulsivliyi (qəfil və düşünülməmiş hərəkətləri) artıraraq, riskli və nəzarətsiz addımların atılma ehtimalını yüksəldə bilər.
Təcrübənin nəticələrinə görə, gecə saatlarında kofein verilən milçəklər daha riskli davranışlar nümayiş etdirmiş və onları dayandırmalı olan xəbərdarlıq siqnallarına reaksiya verməyiblər. Maraqlıdır ki, gündüz qəbul edilən kofein eyni mənfi təsiri göstərməyib.
Araşdırmanın digər mühüm tapıntısı cinslər arasındakı fərqlə bağlıdır. Məlum olub ki, dişi fərdlər kofeinin gecə təsirlərinə qarşı daha həssasdırlar.
Alimlər vurğulayırlar ki, kofein dünyada ən çox istifadə edilən psixoaktiv maddələrdən biridir və onun təsiri yalnız miqdardan deyil, həm də qəbul edildiyi zaman kəsiyindən birbaşa asılıdır.
Mütəxəssislər gecə oyaq qalmaq üçün qəhvə içən şəxslərə ehtiyatlı olmağı tövsiyə edir və bu vərdişin insan davranışı üzərindəki təsirlərinin daha dərindən araşdırılmasının vacibliyini qeyd edirlər.