Dünya təhsil tarixində fədakarlığı ilə seçilən müəllimlərdən biri də Anne Sullivan hesab olunur. Onun fəaliyyəti xüsusilə görmə və eşitmə qabiliyyətini itirmiş Helen Keller-in təhsilində oynadığı rol ilə yadda qalıb.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, Anne Sullivan özü də uşaqlıq illərində ciddi görmə problemlərindən əziyyət çəkib. Bu səbəbdən o, fiziki məhdudiyyətli şəxslərin qarşılaşdığı çətinlikləri dərindən anlayırdı. 1887-ci ildə o, cəmi 7 yaşlı Helen Kellerə müəllim təyin olunur.
Həmin dövrdə Helen Keller ətraf mühitlə ünsiyyət qura bilmədiyi üçün aqressiv davranışlar nümayiş etdirirdi. Lakin Anne Sullivanın tətbiq etdiyi xüsusi tədris metodları qısa müddətdə öz nəticəsini göstərməyə başlayır. Müəllim sözləri şagirdinin əlində hərf-hərf yazmaqla ona yeni anlayışları öyrədirdi.
Təhsil prosesində dönüş nöqtəsi isə “su” anlayışının öyrədilməsi ilə bağlı olub. Belə ki, Anne Sullivan Helenin əlinə su tökərək eyni anda onun o biri əlində “water” sözünü yazıb. Bu an Helen ilk dəfə sözlə əşya arasında əlaqəni dərk edib.
Anne Sullivanın uzunmüddətli səyi nəticəsində Helen Keller danışmağı, oxumağı və yazmağı öyrənib. Daha sonra o, ali təhsil alaraq yazıçı və ictimai xadim kimi dünya miqyasında tanınıb.