Bakıdakı ali təhsil müəssisələrinin paytaxtdan kənara köçürülməsi və bölgələrdə yeni universitetlərin yaradılması artıq rəsmi sənədlərdə öz əksini tapıb. Layihə hazırda müzakirə mərhələsindədir və müəyyən edilmiş müddətlərdə konkret tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Qərarın təhsil mühitinə və şəhər infrastrukturuna təsiri cəmiyyətdə geniş müzakirələrə səbəb olub.
Tələbələr və valideynlər hesab edirlər ki, universitetlərin paytaxtdan köçürülməsi şəhərdə yaranan sıxlığın azalmasına, tıxacların isə qismən aradan qaldırılmasına töhfə verə bilər. Xüsusilə eyni ərazidə yerləşən ali təhsil müəssisələrinin köçürülməsinə daha çox diqqət ayrılmasının vacibliyi vurğulanır. Onların fikrincə, məhz həmin ərazilərdə sıxlıq daha çox müşahidə olunur.
AzEdu.az xəbər verir ki, mövzu ilə bağlı İTV-yə açıqlama verən urbanist Rauf Ağamirzəyev bildirib ki, “Böyük Qayıdış” proqramı icra olunacağı təqdirdə, mövcud tələbə yataqxanalarının boşaldılması və ehtiyaclara uyğun yenidən təşkili şəhərdə sıxlığın azaldılmasına ciddi təsir göstərə bilər. Onun sözlərinə görə, tələbələrin təhsil aldıqları ali məktəblərə yaxın ərazilərdə yaşaması nəqliyyat sıxlığına birbaşa təsir edən amillərdəndir. Təhsilalanların dərsə piyada məsafəsində gedə bilməsi nəqliyyata olan tələbatı azaldır və bu da tıxacların qarşısının alınmasına kömək edir.
Deputat Ceyhun Məmmədov isə bildirib ki, universitetlərin paytaxtdan kənara köçürülməsi mərhələli şəkildə həyata keçirilməlidir. Onun sözlərinə görə, ilk növbədə regionlarda fəaliyyət göstərən universitet filiallarında qəbul planı artırılmalı, eyni zamanda Bakıda yerləşən və bir-birini təkrarlayan ali təhsil müəssisələrinin bölgələrə köçürülməsi nəzərdən keçirilməlidir.
C.Məmmədovun sözlərinə görə, universitetlərin regionlara köçürülməsi yalnız paytaxtda nəqliyyat sıxlığını azaltmayacaq, eyni zamanda həmin bölgələrin sosial və iqtisadi canlanmasına da təkan verəcək.
Deputat əlavə edib ki, layihə ilə bağlı müzakirələr intensivləşdirilməli və icraya başlanmalıdır. Çünki əsas məqsəd paytaxtda sıxlığı azaltmaqla yanaşı, təhsilin keyfiyyətini ölkə üzrə qoruyub saxlamaqdır.