Azedu.az

Abituriyentlərə çağırış: diqqətinizi buraxılışa yox, qəbul imtahanına YÖNƏLDİN

Xəbərlər

26 Mart 2026, 15:30
Abituriyentlərə çağırış: diqqətinizi buraxılışa yox, qəbul imtahanına YÖNƏLDİN

Artıq 11-ci sinif şagirdləri artıq buraxılış imtahanlarını veriblər. Qarşıda isə daha böyük qəbul imtahanı gözləyir. Ancaq buraxılış imtahanlarının cavablarının 7 həftə ərzində açıqlanması abituriyentlər arasında narahatlıq yaradır.

Nəzərə alsaq ki, abituriyentlərin  bir çoxu iddia edirdi ki, imtahan sualları çətin olub və əksəriyyət yaxşı nəticə əldə etməyib. Bu isə əlavə stress yaradır: “Görəsən neçə bal toplamışam?” sualı onları narahat edir. Maraqlıdır ki, belə hallarda abituriyent blok imtahanına necə hazırlaşa,  dərslərə diqqətini necə yönəldə bilir?

Ümumiyyətlə, imtahan cavablarının gec çıxması onların blok (qəbul)  imtahanındakı nəticələrinə nə dərəcədə təsir edir? 

AzEdu.az-a mövzu ilə bağlı "İlin gənc müəllimi" Xəzri Muradov danışıb. 

180200

O, qeyd edib ki, buraxılış imtahanı artıq bitib və dəyişdirilə bilməz:

"11-ci sinif şagirdləri artıq buraxılış imtahanlarını geridə qoyublar və qarşıda onları daha həlledici mərhələ – qəbul, yəni blok imtahanı gözləyir. Buraxılış imtahanlarının nəticələrinin açıqlanmasının müəyyən zaman tələb etməsi isə bəzi abituriyentlərdə təbii olaraq narahatlıq yaradır. Xüsusilə də imtahanın çətin keçdiyini düşünən şagirdlər üçün “Görəsən neçə bal toplamışam?” sualı əlavə psixoloji gərginlik yaradır.

Amma burada çox vacib bir məqam var: şagirdlər keçmişə deyil, qarşıdakı hədəfə fokuslanmalıdırlar. Buraxılış imtahanı artıq bitib və dəyişdirilə bilməz. İndi əsas məqsəd blok imtahanına maksimum səviyyədə hazırlaşmaqdır. Abituriyentlər anlamalıdırlar ki, blok imtahanı ümumi nəticədə daha böyük paya malikdir və daha çox bal qazandırır. Ağıllı və məqsədyönlü şagirdlər məhz bu mərhələyə daha ciddi yanaşaraq nəticələrini yüksəldə bilərlər".

Nəticələrin bir qədər gec açıqlanmasının müsbət tərəfi də var:

"Buraxılış imtahanlarının yoxlanılması ilə bağlı onu da qeyd etmək istəyirəm ki, bu proses kifayət qədər məsuliyyətli və çoxsaylı sualların təhlilini tələb edən bir mərhələdir. Mən də hazırda yoxlama prosesində iştirak edən müəllimlərdən biriyəm və deyə bilərəm ki, işlər intensiv və sürətli şəkildə davam edir. Eyni zamanda hər bir cavabın dəqiq və ədalətli qiymətləndirilməsi üçün vaxt ayrılması vacibdir. Bu səbəbdən müəyyən gecikmə normaldır. Hətta ehtimal edirik ki, nəticələr gözləniləndən daha tez də açıqlana bilər.

Digər tərəfdən, nəticələrin bir qədər gec açıqlanmasının müsbət tərəfi də var. Bu zaman şagirdlər artıq buraxılış imtahanını psixoloji olaraq arxada qoyur və diqqətlərini gələcəyə yönəltməyə başlayırlar. Mən öz şagirdlərimlə də məhz bu istiqamətdə işləyirəm, onları keçmiş nəticələrə bağlanmaqdan uzaqlaşdırıb, qarşıdakı imtahana motivasiya edirəm.

Fokusunu hələ də toplaya bilməyən abituriyentlərə tövsiyəm budur: nəticəni düşünmək yerinə, gündəlik plan qurun və kiçik addımlarla irəliləyin. Hər gün müəyyən mövzuları təkrar edin, test işləyin və öz inkişafınızı izləyin. Unutmayın ki, uğur bir imtahandan deyil, davamlı və düzgün hazırlıqdan keçir.

Ən əsası isə odur ki, özünüzə inanın və enerjinizi keçmişə deyil, qarşıdakı fürsətlərə yönəldin. Çünki hələ əsas nəticəni müəyyən edən mərhələ qabaqdadır".

TƏCİLİ! Orduya əmr verildi - İrana hücum başlayır
Son xəbərlərDaha çox