Bakı Mühəndislik Universitetinin (BMU) kimya mühəndisliyi ixtisasının IV kurs tələbəsi Turqut Məmmədov İtaliyanın Padua Universitetinin magistraturasına qəbul olub.
Bu barədə AzEdu.az-a BMU-dan məlumat verilib.
Dünyada tədqiqat yönümlü nüfuzlu ali məktəb kimi tanınan Padua Universiteti QS reytinqində 200-cü pillədə qərarlaşıb. Universitet İtaliyada isə reytinq üzrə dördüncü yerdədir.
Turqut Məmmədov bakalavriat təhsili müddətində BMU-nun müasir laboratoriyalarında müəllimlərin dəstəyi ilə müxtəlif tədqiqat təcrübəsi qazanıb. Təcrübənin ilkin mərhələsində ekstraksiya prosesində və təbii komponentlərin təcridində sınaqlar aparıb. Ekstraksiya etdiyi bitki növü “Peganum” olub. Bu tədqiqatın məqsədi bitkidən “harmine” birləşməsini sintez etmək, sənaye üçün iqtisadi cəhətdən sərfəli sintez metodunu araşdırmaq və birləşmənin xüsusiyyətlərini öyrənmək olub.
Bakalavriat təhsilinin son illərində o, qrafen oksidinin sintezinə yönəlmiş tədqiqat layihəsi üzərində çalışıb. Layihə qrafitin oksidləşməsi və aşındırılmasında modifikasiya olunmuş Hammer metodunun tətbiqini əhatə edib. Layihənin nəticələri XRD, FTIR və digər metodlarla tədqiq olunub və Mühəndislik Problemlərinin Həllində İdarəetmə və Nəzarət üzrə Beynəlxalq Konfransda (MaCoSEP 2025) “Ekologiyada nanostrukturlaşdırılmış qrafen oksid vərəqləri” mövzusunda təqdim edilib. Bu layihə Turqut Məmmədovun 2D materiallar, oksidləşmə, funksional qruplar və səth xüsusiyyətləri sahələrində əsas anlayışlarla tanış olmasına imkan yaradıb.
Sonrakı dövrdə o, polietilen boruların istehsalında təbii doldurucuların istifadəsi və material xüsusiyyətlərinin modifikasiyası üzrə layihədə iştirak edib. Bu layihədə zeytun çəyirdəyi və qamış tozunun polietilen materiallarının sıxlığı və mexaniki xüsusiyyətlərinə təsirini araşdırıb. “Polymart” MMC ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihə bir ay ərzində laboratoriya miqyasından sənaye miqyasına keçid zamanı ona praktik təcrübə qazandırıb.
Turqut Məmmədov, həmçinin tədqiqatını Türkmənistanın Aşqabad şəhərində keçirilən “Kimya tədris metodlarının təkmilləşdirilməsində innovativ texnologiyaların rolu” adlı konfransda onlayn təqdim edib. Bu tədqiqat işi tezliklə “Digest Journal of Nanomaterials and Biostructures” nəşrində dərc olunacaq.