Məktəblər üçün vahid söz bazasının formalaşdırılması və hər yaş kateqoriyası üzrə minimum söz ehtiyatının müəyyənləşdirilməsi təklif olunur.
AzEdu.az xəbər verir ki, bu fikri Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Mehriban Vəliyeva Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Mətbuat Şurasının dəstəyi ilə keçirilən “Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində təşkil olunan “İctimai müzakirə: Məktəb gündəliyi” adlı tədbirdə çıxışı zamanı səsləndirib.
Deputat bildirib ki, hər yaş mərhələsində uşaqların mənimsəməli olduğu sözlərin sayı əvvəlcədən müəyyənləşdirilməlidir. Məsələn, 3-6 yaşlı uşaqlar üçün nəzərdə tutulan söz ehtiyatının həcmi dəqiq şəkildə müəyyən edilməlidir.
“Bu təcrübə dünyanın bir sıra ölkələrində artıq tətbiq olunur. Belə ki, Böyük Britaniyada insanlar məktəbəqədər təhsildən universiteti bitirənədək təxminən 71 min söz ehtiyatı ilə təhsilini başa vurur. Yaponiyada bu göstərici təxminən 42 min söz, Türkiyədə isə əvvəllər 10-15 min söz səviyyəsində olsa da, hazırda təxminən 25 min sözə çatdırılıb”, - deyə deputat qeyd edib.
Mehriban Vəliyeva bildirib ki, Azərbaycanda isə bu istiqamətdə kompleks yanaşma hələ tam formalaşmayıb. Onun fikrincə, uşaqların müəyyən yaşa qədər hansı sözləri öyrənməli olduğu, həmin sözlərin istifadə tezliyi, eləcə də onların aktiv və ya passiv söz ehtiyatına daxil olub-olmaması elmi tədqiqatlar əsasında müəyyən edilməlidir.
Deputat əlavə edib ki, bu istiqamətdə obyektiv araşdırmalar aparılmalı və əldə olunan nəticələr əsasında məktəblər üçün vahid baza yaradılmalıdır. Dərsliklərin hazırlanması və inkişafı da məhz həmin baza üzərində qurulmalıdır. Onun sözlərinə görə, Azərbaycan dilinin inkişafına sistemli yanaşma da məhz bu cür addımlarla başlaya bilər.