“Hazırda ölkəmizdə təhsil sahəsində ciddi dəyişikliklər baş verir və bu sahə müxtəlif problemlərlə də üzləşir”.
AzEdu.az xəbər verir ki, bu sözləri Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Azərbaycan Mətbuat Şurasının dəstəyi ilə həyata keçirilən “Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində təşkil olunan “İctimai müzakirə: Məktəb gündəliyi” tədbirində çıxışı zamanı Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, təhsil prosesinə təsir edən amillərin sayı gündən-günə artır:
“Eyni zamanda tədris proqramları da daha mürəkkəb və tələbkar xarakter alır. Bu səbəbdən biz daha çox çalışmalı, daha çox səy göstərməliyik. Təhsilin inkişafı üçün yeni yanaşmaların tətbiqi də xüsusi əhəmiyyət daşıyır.
Bu istiqamətlərdən biri də məktəblərin publik hüquqi şəxslərə çevrilməsi prosesidir.
Hesab edirəm ki, bu addım təhsil sistemində yeni yanaşmanın formalaşmasına və idarəetmədə daha çevik mexanizmlərin tətbiqinə imkan yaradacaq. Dövlət tərəfindən həyata keçirilən bu dəyişikliklər təhsilin inkişafına mühüm töhfə verə bilər".