Azedu.az

BMU-da orqan donorluğu mövzusunda maarifləndirici tədbir

Xəbərlər

11 Mart 2026, 15:15
BMU-da orqan donorluğu mövzusunda maarifləndirici tədbir

Bakı Mühəndislik Universitetində (BMU) Səhiyyə Nazirliyinin tabeliyində Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi tərəfindən orqan donorluğu mövzusuna həsr olunmuş tədbir keçirilib.

AzEdu.az xəbər verir ki, tədbirin məqsədi cəmiyyətdə orqan donorluğu ilə bağlı maarifləndirməni artırmaq, bu sahədə məsuliyyətli və humanist yanaşmanı təşviq etmək olub.   

Açılış nitqi ilə çıxış edən BMU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Bayram Hüseynzadə orqan donorluğunun dünyada və ölkəmizdə aktuallığını, insan həyatının xilas edilməsində oynadığı mühüm rolu vurğulayıb. Bildirib ki, ölkəmizdə səhiyyə sisteminin inkişafı, müasir tibbi texnologiyaların tətbiqi, o cümlədən tibbi xidmətlərin keyfiyyətinin artırılması orqan donorluğu və transplantasiya kimi həyati əhəmiyyətli sahələrin də inkişafına mühüm imkanlar yaradıb. Prorektor bu sahənin daha da inkişafı üçün cəmiyyətin maariflənməsinin vacibliyini, belə görüşlərin sistemli təşkilinin əhəmiyyətini önə çəkib.  

Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyəti sədrinin müavini Günay Abbasova çıxışında ölkəmizdə səhiyyə sahəsində aparılan islahatlar və orqan donorluğu sisteminin inkişafı barədə danışıb. Eyni zamanda bu sahədə mövcud qanunvericilik bazasını və beynəlxalq təcrübəni diqqətə çatdırıb,  cəmiyyətdə sosial məsuliyyətin artırılmasında maarifləndirmə və düzgün yanaşmanın formalaşdırılmasının önəmini qeyd edib.  Donor olmaq üçün tələb olunan mərhələlər, eləcə də beyin ölümü anlayışı, onun tibbi-hüquqi meyarları barədə də məlumat verən Günay Abbasova deyib ki, orqan bağışlama yalnız tibbi baxımdan deyil, həm də yüksək mənəvi dəyər daşıyan bir addımdır və hər  bir donorun qərarı bir neçə insanın həyatını xilas edə bilər. 

Sonra qurumun həkim-koordinatoru Mehriban Əliyeva mövzuya dair geniş təqdimatla çıxış edib. Təqdimatda orqan donorluğunun əhəmiyyəti, donor olmaq üçün mövcud prosedurlar, bu sahədə həyata keçirilən dövlət siyasəti və dünya təcrübəsi barədə geniş məlumat verilib. Bildirilib ki, orqan transplantasiyası sahəsində bir sıra ölkələr uğurlu təcrübə əldə edib və son illərdə Azərbaycan da bu istiqamətdə müsbət göstəricilərə nail olub.   

Təqdimat zamanı, həmçinin orqan donorluğu ilə bağlı cəmiyyətdə mövcud olan yanlış təsəvvürlərə toxunulub, orqan bağışlamanın humanist və mənəvi tərəfləri izah edilib və bu prosesin tam şəffaf, qanunvericiliyə uyğun şəkildə həyata keçirildiyi diqqətə çatdırılıb. 

İnteraktiv davam edən tədbirdə tələbələrin çoxsaylı sualları cavablandırılıb. 

Sonda Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi tərəfindən ən yaxşı sual verən tələbələrə hədiyyələr təqdim olunub.  

Image 1Image 1Image 1Image 1

ABŞ-dən şok etiraf - İran qarşısında dəhşətli itkilərimiz var
Son xəbərlərDaha çox