28 fevral tarixində İsrail və ABŞ-ın İrana hava hücumları başlayıb. İran da öz növbəsində İsraili və ABŞ-ın Yaxın Şərq ölkələrindəki hərbi bazalarına zərbələr endirir.
Artıq müharibənin 12-ci günüdür. İranın reket atəşinə tutduğu İsraildə xeyli sayda Azərbaycan vətəndaşları yaşayır. Bununla yanaşı, tələbə və turist kimi gedənlər də var.
Müharibənin İsraildəki azərbaycanlıların həyatına necə təsir etdiyini öyrənməyə çalışdıq.
AzEdu.az xəbər verir ki, İsrail vətəndaşı olan azərbaycanlı Yeganə Salman Modern.az-a açıqlamasında bildirib ki, bu ölkədəki soydaşlarımızın əksəriyyəti mərkəzi şəhərlərdə yaşayırlar:
“Azərbaycanlılar burada həm cənub, həm şimal, həm də mərkəz şəhərlərində - Hayfa və onun yaxınlığında, Tel-Əvivdə yaşayırlar. Əksəriyyət Bakıdan gələnlərdir. Cənub şəhərlərinə Azərbaycandan gələnlər daha çox aşkenaz yəhudiləridir. Azərbaycanlıların burada çox olmasının səbəblərindən biri də onların vaxtilə yəhudilərlə ailə qurmaları olub. Hazırda İsraildə yaşayan azərbaycanlılar bir çox sahələrdə işləyirlər. Aralarında həkimlər, mühəndislər, biznesmenlər də var. Mediada da Azərbaycanda böyümüş şəxslər çoxdur. Müəllimlər də az deyil, teatrda işləyənlər də çoxdur. Azərbyacandan bura çoxlu musiqiçilər köçüb. Mən hazırda çalışmıram, amma 20 il ingilis dili müəllimi işləmişəm".

Y.Salman ötən gün hücumlar nəticəsində həyatını itirən Amid Murtuzovdan da danışıb:
“Bu cavan oğlan Cəlilabadın keçmiş Prişib (indki Göytəpə) qəsəbədən gəlmişdi. Oradan olan xeyli yəhudi var ki, bu gün İsraildə yaşayır. İxtisasca mühəndis olan Amid həmin gün tikintiyə nəzarət üçün işı çıxıbmış.
1-i qız, 2-si oğlan olmaqla 3 uşağı qalıb. Amid Murtuzovun ikili vətəndaşlığı vardı. Belə insanlar isə İsraili tərk etmirlər. Adətən bütün israillilər harada olsalar, müharibə başlayan kimi İsrailə qayıtmağa çalışırlar.
Özümdən də bir misal gətirə bilərəm. 7 oktyabr müharibəsi başlayanda yoldaşımla mənim Macarıstanın paytaxtı Budapeştə biletimiz vardı. Uçuşlar ləğv olunmadığından Budapeştə uçduq. Vəziyyət pis olsa, yoldaşımla Bakıya getməyi düşünürdük. Çünki burada vəziyyətin uzun çəkəcəyini və olduqca mürəkkəb olacağını demişdilər. Lakin Bakıya getmək seçimiz olsa da, bir həftə sonra İsrailə qayıtmağa qərar verdik. Çünki müharibə vaxtı adam başqa ölkəyə gedib qaçqın olmaq istəmir”.
Yeganə Salman diplomatik korpusdan əldə etdiyi məlumata əsasən bildirib ki, azərbaycanlı tələbələr və turistlər üçün ayrıca reys açılıb:
“İsraildə olan azərbaycanlı tələbələr və turist kimi gələn vətəndaşlar artıq gedirlər. Onlar Misirin sərhədinə qədər maşınla gedir, oradan da təyyarələrlə Azərbaycana uçurlar. Amma martın 9-dan Misirdən Gürcüstana bir reys də açılıb. Azərbaycanlılar həmin reyslə Tbilisiyə də uça bilirlər. 4 gündür ki, Misirdən Tbilisiyə, oradan da Bakıya da gedirlər”.