Keçən il Azərbaycanda 1 445 azçəkili körpə doğulub.
AzEdu.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.
Qeyd olunub ki, vaxtından əvvəl doğulmuş azçəkili körpələrin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta hesabına qarşılanır. Ötən il doğulan 1445 yenidoğulmuş küvəzdə xüsusi tibbi nəzarət altında saxlanılıb, tənəffüs çatışmazlığı diaqnozu qoyulan 2538 yenidoğulmuş isə oksigenlə, ventilator dəstəyi və digər təcili reanimasiya üsulları ilə müalicə alıb. Yenidoğulmuşlara ümumilikdə 109 mindən çox tibbi xidmət göstərilib.
Bildirilib ki, vaxtından əvvəl doğulmuş uşaqlar (prematur) hamiləliyin 37-ci həftəsindən əvvəl dünyaya gələn uşaqlardır. Onlar çox vaxt az çəki ilə doğulurlar.
Erkən və azçəkili doğulan körpələrdə tənəffüs problemləri, intrakranial qanaxmalar, sarılıq və çəki artımının zəif olması kimi ağırlaşmalar baş verə bilər. Uzunmüddətli dövrdə isə nitq inkişafında gecikmələr, görmə və eşitmə problemləri, xroniki ağciyər xəstəlikləri müşahidə oluna bilər. Lakin adekvat neonatal qulluq, düzgün qidalanma, infeksiyaların profilaktikası və erkən reabilitasiya bu nəticələri xeyli yaxşılaşdırır.