Beynəlxalq tədqiqatçılar qrupu Mars planetində qeyri-adi dəmir sulfat birləşməsi aşkar ediblər. Alimlər bu maddənin elmə məlum olmayan tamamilə yeni bir mineral ola biləcəyini ehtimal edirlər.
AzEdu.az "ScienceDaily" portalına istinadən xəbər verir ki, kəşf planetin nəhəng kanyon sistemi olan Mariner vadisi (Valles Marineris) yaxınlığındakı qədim sulfat çöküntülərində qeydə alınıb.
Tədqiqatlar göstərir ki, Mars səthində dəmir sulfatının nadir forması olan ferrik-hidroksisulfat mövcuddur. Bu maddə Yer kürəsində indiyədək rast gəlinməyən özünəməxsus kristal quruluşa malikdir.
Kükürd Marsda ən geniş yayılmış elementlərdən biridir. Yer üzündə bu cür sulfat birləşmələri suyun təsiri ilə sürətlə həll olsa da, Marsın quru və soyuq mühiti onların milyardlarla il toxunulmaz qalmasına şərait yaradıb. Məhz bu səbəbdən həmin minerallar planetin qədim iqlimi və geoloji şəraiti haqqında məlumat verən təbii "arxiv" rolunu oynayır.
Yeni mineralın mövcudluğu rəsmən təsdiqlənərsə, bu kəşf Marsın geoloji və istilik tarixini yenidən qiymətləndirməyə imkan verəcək. Alimlər hesab edirlər ki, bu cür kimyəvi proseslər Marsın bəzi bölgələrinin ehtimal edildiyindən daha uzun müddət aktiv qaldığını sübut edir.