“Hesab edirəm ki, bütün məsələlərə yanaşmada gənclərin rolu çox böyükdür”.
AzEdu.az xəbər verir ki, bu sözləri Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Ceyhun Məmmədov “Təhsilinlə fərqlən: Qlobal təcrübə, milli dəyər” adlı tədbirdə çıxışı zamanı qeyd edib.
Deputat vurğulayıb ki, heç bir tərəddüd olmadan söyləmək olar ki, Azərbaycan gəncləri dünyanın ən istedadlı gənclərindəndir:
“Mən çox yerlərə səfər edir, müxtəlif ölkələrdə gənclərlə görüşürəm. Allah bizə çoxlu fürsətlər və imkanlar verib. Sadəcə bu imkanları düzgün qiymətləndirmək və dəyərini bilmək lazımdır. Biz çox gözəl ölkədə yaşayırıq - sabitlik və güclü dövlət rəhbərliyi mövcuddur".
C. Məmmədov qeyd edib ki, ölkədə gənclərə xüsusi diqqət göstərilir: “Bu gün həm cənab Prezident, həm Birinci vitse-prezident Mehriban xanım, həm də Heydər Əliyev Fondu tərəfindən gənclərə və tələbələrə diqqət artırılıb. Davamlı olaraq tələbələrlə görüşlər keçirilir, müxtəlif layihələr həyata keçirilir. Gənclər də bu çağırışlara cavab verərək prosesin fəal iştirakçısına çevrilməlidirlər".
Deputat həmçinin xaricdə təhsilin əhəmiyyətinə diqqət çəkib: “Xaricdə təhsil həm biliklərinizi gücləndirmək, həm də yeni dostluqlar və beynəlxalq əlaqələr qurmaq baxımından önəmlidir. Universitetlər sizə lazım olan biliklərin bəlkə də 50-60 faizini verir, qalan hissəni isə özünüz əldə etməlisiniz. Universitetdə təhsil alarkən kitabxana imkanlarından istifadə etməli, əlavə kurslara qatılmalı və yeni bacarıqlar qazanmalısınız. İlk gündən konkret məqsədiniz olmalıdır ki, gələcəkdə özünüzü daha yaxşı mütəxəssis kimi yetişdirəsiniz".