Alimlər bitki hüceyrələrinin fəaliyyəti ilə bağlı yeni və maraqlı mexanizm aşkar ediblər. Araşdırma göstərir ki, hüceyrədə enerji istehsal edən mitoxondrilər xloroplastlarla gözləniləndən daha mürəkkəb şəkildə qarşılıqlı əlaqə qurur.
AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, tədqiqat zamanı müəyyən olunub ki, mitoxondrilər bəzi hallarda xloroplastların istehsal etdiyi oksigeni “özünə çəkərək” hüceyrə daxilində enerji balansını tənzimləyə bilir. Bu proses hüceyrədə baş verən biokimyəvi reaksiyaların daha stabil şəkildə davam etməsinə kömək edir.
Alimlərin fikrincə, bu mexanizm xüsusilə bitkilərin stress şəraitində, məsələn, quraqlıq, yüksək temperatur və ya güclü günəş şüalanması zamanı - uyğunlaşmasına mühüm təsir göstərə bilər.
Tədqiqat müəllifləri bildiriblər ki, əldə olunan nəticələr gələcəkdə kənd təsərrüfatı üçün daha davamlı və iqlim dəyişikliklərinə daha dözümlü bitki növlərinin yaradılmasına kömək edə bilər.
Mütəxəssislərin sözlərinə görə, bitki hüceyrələrində enerji istehsalı və oksigen mübadiləsi ilə bağlı bu cür yeni mexanizmlərin öyrənilməsi həm fundamental biologiya, həm də aqrar sahə üçün böyük əhəmiyyət daşıyır.