8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə UNEC Xanım Tədqiqatçılar Şurasının təşkil etdiyi simpoziumda UNEC rektoru professor Ədalət Muradov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva, universitetin əməkdaşları, qadın sahibkarlar və digər qonaqlar iştirak ediblər.
AzEdu.az xəbər verir ki, rəsmi açılışından öncə iştirakçılar Ulu Öndər Heydər Əliyevin büstünün və şəhidlər abidəsinin önünə gül dəstələri düzərək əziz xatirələrini ehtiramla yad ediblər.
Simpoziumu giriş sözü ilə açan UNEC rektoru professor Ədalət Muradov tədbirin əsas məqsədinin qadın tədqiqatçıları və sahibkarları bir araya gətirərək onların dayanıqlı inkişaf, innovasiya və sosial transformasiya proseslərində rolunu elmi müstəvidə müzakirə etmək, həmçinin beynəlxalq akademik əməkdaşlıqları və elmi dialoqu genişləndirmək olduğunu qeyd edib. Qadınların iqtisadiyyata verdiyi töhfələri statistik göstəricilərlə təhlil edən rektor bildirib ki, hazırda qlobal ÜDM-in 37 faizi məhz qadın əməyi nəticəsində formalaşır: “Əgər qadınlar kişilərlə eyni səviyyədə istehsal prosesinə cəlb olunsaydılar, qlobal ÜDM 26 faiz artaraq ABŞ və Çin iqtisadiyyatının birlikdə yaratdığı həcmdən də böyük olardı”.
Rektor UNEC-in elmi fəaliyyətində xanım tədqiqatçıların roluna da diqqət çəkib: “2025-ci ildə Scopus bazasında indekslənən 1120 elmi əsərin 33 faizi qadın tədqiqatçılar tərəfindən yazılıb. Bu əsərlərin 52 faizi beynəlxalq istinadlar alıb və universitetin ümumi istinadlarının 27 faizini təşkil edir”- deyə, bildirib. O, universitetin idarəetmə strukturunda, eləcə də tələbə sayında xanımların təmsilçilik payına da toxunub.
Sonda Ədalət Muradov təşəbbüs irəli sürüb: “Cənab Prezidentin rəqəmsal platformalara həsr olunmuş müşavirədə rəqəmsal texnologiyalar və süni intellektin inkişafı ilə bağlı verdiyi tapşırıqlara töhfə vermək məqsədilə UNEC-də xanımlar üçün süni intellekt savadlılığı üzrə uzunmüddətli onlayn təlim proqramlarına başlamağı təklif edirəm”- deyə, rektor bildirib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışında gender bərabərliyinin real həyatda tətbiqinin effektiv mexanizmlərindən danışıb. O, elmi mühitdə çalışan alimlərin cəmiyyət üçün nümunəvi model yaratdıqlarını vurğulayıb: “Cəmiyyətdə alim adı həmişə xüsusi hörmətlə qarşılanır. Bu baxımdan, elmi mühitdə akademik rəhbərlərin mövqeyi cəmiyyət üçün nümunə rolunu oynayır”. B.Muradova elmin missiyasının bəşəriyyət naminə bilik yaratmaq olduğunu və bu prosesdə qadınların potensialından sistemli istifadənin vacibliyini qeyd edib.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova çıxış edərək UNEC-də xanımların elm və tədris sahəsindəki fəaliyyəti üçün yaradılmış geniş imkanları yüksək qiymətləndirib. Qadınların ölkənin inkişafına verdiyi töhfələrə toxunan H.Hüseynova dövlət başçısının müvafiq fərmanı ilə Rəqəmsallaşmaya dair Şuranın yaradılmasının əhəmiyyətinə diqqət çəkib, şuraya rəhbərliyin Birinci vitse-prezident Mehriban xanım Əliyevaya həvalə olunmasının ölkənin texnoloji və strateji tərəqqisi üçün mühüm təkan olduğunu bildirib.
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva isə güclü ailə modelinin və düzgün idarəetmənin sağlam cəmiyyət üçün təməl olduğunu qeyd edərək, qadınların həm biznesdə, həm də sosial həyatda artan fəallığının ölkənin iqtisadi potensialının güclənməsində həlledici rol oynadığını vurğulayıb.
Sonda UNEC Xanım Tədqiqatçılar Şurasının sədri Nərgiz Hacıyeva rəhbəri olduğu şuranın fəaliyyəti barədə məlumat verib. Həmçinin gender tədqiqatları, qadınların elmdə roluna həsr olunmuş UNEC-in “International Journal of Gender, Knowledge and Social Futures” adlı beynəlxalq elmi jurnalını və Azərbaycanın 32 qadının sahibkarlıq fəaliyyətini əks etdirən “Odlar Yurdunun Yeddi Portreti” kitabını təqdim edib.
Tədbirin bədii hissəsində UNEC Yaradıcılıq Mərkəzinin tələbələri qadınlara həsr olunan şeirlər səsləndiriblər.
Simpozium çərçivəsində “Odlar Yurdunun Yeddi Portreti” kitabında bəhs olunan 32 qadın sahibkarın ontropoloji rəsmləri, UNEC Dizayn Məktəbinin tələbələrinin rəsm əsərləri, həmçinin Kitabxana İnformasiya Mərkəzinin kitabları nümayiş olunub.