6 mart tarixi Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cumhuriyyətinin banilərindən olan Məhmməd Əmin Rəsulzadənin anım günüdür.
AzEdu.az xəbər verir ki, M.Ə.Rsəulzadə 1955-ci il martın 6-da Ankara Universitetinin Tibb fakültəsinin klinikasında vəfat edib.
M.Ə.Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Atası onu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoyub. Məhəmməd Əmin buranı bitirdikdən sonra təhsilini Bakı texniki məktəbində davam etdirib.
1902-ci ildə 17 yaşında "Müsəlman gənclik təşkilatı"nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.
1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilib. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunub. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şürası yaranıb. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə Milli Şüranın sədri seçilib.
O, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında əvəzsiz xidmət göstərib. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəkib.
1920-ci ilin 28 aprelində Azərbaycanın sovet Rusiyası tərəfindən işğalından sonra M.Ə.Rəsulzadə vətəni tərk etmək məcburiyyəti ilə üzləşib. O, uzun müddət xaricdə yaşamağa məcbur olub.
1955-ci il martın 6-da Ankara Universitetinin Tibb fakültəsinin klinikasında vəfat edib. Rəsuzladənin qəbri Türkiyənin paytaxtı Ankara şəhərindəki Əsri qəbiristanlığındadır.