Bakı Mühəndislik Universitetinin (BMU) Memarlıq və inşaat fakültəsinin Tələbə Elmi Cəmiyyəti, eləcə də Memarlıq və şəhərsalma kafedrasının birgə təşkilatçılığı ilə 2025-2026-cı tədris ilinin payız semestrinin yekunlarına həsr olunmuş tələbələrin yaradıcılıq layihələri üzrə hesabat sərgisi keçirilib.
AzEdu.az xəbər verir ki, sərgidə memarlıq və şəhərsalma ixtisasları üzrə təhsil alan tələbələrin semestr ərzində hazırladıqları müxtəlif memarlıq layihələri, maketlər və konseptual işlər nümayiş olunub. Təqdim olunan işlər tələbələrin yaradıcılıq potensialını, dizayn bacarıqlarını, peşəkar inkişaf istiqamətlərini əks etdirib.
Layihələrə baxış zamanı qeyd olunub ki, hər bir maket tələbələrin nəzəri biliklərini praktik bacarıqlara çevirməsini və memarlıq sahəsində yaradıcı yanaşmalarını nümayiş etdirir. Bu baxımdan sərgi tələbələrin öz sahələri üzrə potensialını üzə çıxarmaq, onlar arasında yaradıcılıq mühitini gücləndirmək və layihələrin daha geniş auditoriyaya təqdim olunmasına şərait yaratmaq baxımından əhəmiyyətli platforma rolunu oynayır.
Memarlıq və şəhərsalma sahəsində yeni ideya, o cümlədən yanaşmaların təşviqinə də dəstək verən sərgi çərçivəsində nümayiş etdirilən maket və layihələr müəllim heyəti tərəfindən qiymətləndirilib.
Qeyd edək ki, bu cür sərgilərin təşkili tələbələrin yaradıcılıq fəaliyyətini stimullaşdırır və onların layihələndirmə bacarıqlarının inkişafına mühüm töhfə verir.