“Ölkə Prezidentinin rəhbərliyi ilə gənclərin inkişafına xüsusi diqqət göstərilir”.
AzEdu.az xəbər verir ki, bu sözləri elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Sabahın alimləri” XV Respublika layihə müsabiqəsinin mükafatlandırma mərasimində çıxışı zamanı deyib.
“Biz qalib ölkənin vətəndaşlarıyıq. Bu qələbə nəyin hesabına əldə olundu? Birincisi, güclü iqtisadiyyatın hesabına.
İkincisi, güclü və peşəkar ordunun hesabına. Üçüncüsü isə ən müasir texnologiyalarla təchiz olunmuş silahlı qüvvələr və vətənpərvər gənclərimizin sayəsində.
Məhz bu gənclər müharibədə həm qəhrəmanlıq, həm də şücaət nümunələri göstərdilər. Əgər onlar güclü, hazırlıqlı və vətəninə bağlı olmasaydılar, biz 44 günlük Vətən müharibəsində qələbə qazana bilməzdik.
Baxın, bu gün dünyada nə qədər münaqişə və müharibə gedir. Elə müharibələr var ki, illərlə davam edir, minlərlə insan həyatını itirir, milyonlarla insan prosesə cəlb olunur. Ancaq 44 günlük müharibədə qısa müddətdə qəti və tarixi qələbə qazanıldı. Bu, güclü dövlətçilik, düzgün strategiya və vətənpərvər gəncliyin nəticəsidir”.