Azedu.az

Bilet pullu, travma pulsuz: azyaşlılar üçün kinoteatrların görünməyən ÜZÜ

Xəbərlər

9 Mart 2026, 10:12
Bilet pullu, travma pulsuz: azyaşlılar üçün kinoteatrların görünməyən ÜZÜ

Bir neçə gün əvvəl dostlarımla birlikdə kinoteatra film izləməyə getmişdim. Film qorxu və şiddət janrında idi və 18 yaşından yuxarı tamaşaçılar üçün nəzərdə tutulmuşdu. Lakin kino zalında oturarkən diqqətimi çəkən bir məqam məni ciddi şəkildə narahat etdi: zalda 10-11 yaşlı uşaqlar, hətta 5-6 yaşlarında uşaqlar belə var idi.

Filmdə o qədər dəhşətli və ağır səhnələr var idi ki, bəzən mən belə gözlərimi yumurdum. Həmin səhnələrə baxmaq həqiqətən çətin idi. Amma təəccüblü olan odur ki, uşaqlar həmin görüntülərə sanki heç nə olmamış kimi, sakitcə baxırdılar. Bu mənzərə istər-istəməz məndə bir sual yaratdı: valideynlər niyə bu qədər şiddətli filmlərə hələ uşaqlıq dövründə olan övladlarını aparırlar?

Son dövrlərdə tez-tez azyaşlıların cinayətə meyilli olması barədə xəbərlərlə qarşılaşırıq. Bunun səbəbləri müxtəlif ola bilər. Lakin bu qədər həssas bir dövrdə, məktəblərdə müəllimlərə qarşı zorakılıq hallarının belə baş verdiyi bir zamanda valideynlərin daha diqqətli olması vacib deyilmi?

Biz uşaqlıqda daha çox uşaq filmləri ilə böyümüşük. Həmin filmlər bizim dünyagörüşümüzə, düşüncə tərzimizə müsbət təsir göstərirdi. İndiki uşaqlar isə çox vaxt belə filmləri bəyənmir və daha sərt, şiddət dolu filmlərə maraq göstərirlər. Burada yalnız uşaqları günahlandırmaq düzgün olmaz. Bu, həm valideyn nəzarətsizliyinin, həm də müəyyən qədər kino salonlarının məsuliyyətsizliyinin nəticəsi kimi görünür.

Əgər bir film 18 yaşdan yuxarı tamaşaçılar üçün nəzərdə tutulubsa, niyə 10-11 yaşlı və hətta 5-6 yaşlı uşaqlara həmin filmi izləməyə icazə verilir? Halbuki hər kino salonunda nəzarət kameraları var və zal daim izlənilir. Maraqlıdır ki, kino işçiləri zala kənardan yemək və ya içki gətirildiyini görəndə dərhal müdaxilə edirlər, amma azyaşlı uşaqların 18+ filmlərə baxmasına çox vaxt reaksiya vermirlər.

Uşaqlar gördüklərini tez unutmur. Bəzən bir film səhnəsi onların yaddaşında illərlə qalır. Bu səbəbdən valideynlərin məsuliyyətli davranması vacibdir. Onlar övladlarını yalnız yaşlarına uyğun filmlərə aparmalı və onların psixologiyasını qorumağa diqqət etməlidirlər. Araşdırmalar göstərir ki, bəzi cinayətkarların həyat hekayələrində uşaqlıq dövründə izlədikləri zorakılıq məzmunlu filmlərin müəyyən rolu olub.

Bu səbəbdən valideynləri daha məsuliyyətli olmağa çağırıram. Uşaqların psixologiyasını qorumaq həm ailənin, həm də cəmiyyətin ortaq məsuliyyətidir.

Təcili! İran Türkiyəni ballistik raketlə vurdu - Ordu hərəkətə keçir?
Son xəbərlərDaha çox