Lənkəran Dövlət Universitetində BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) 2026-cı ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar növbəti maarifləndirici tədbir keçirilib.
AzEdu.az xəbər verir ki, tədbiri giriş sözü ilə universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dos. Ramiz Şəmmədov açaraq Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) respublikamızda keçirilməsinın əhəmiyyəti haqqında məlumat verib. Bildirib ki, bu, Azərbaycanın dünyada artan beynəlxalq nüfuzunun göstəricisidir və ölkəmiz üçün əhəmiyyəti böyükdür.
Coğrafiya və onun tədrisi metodikası kafedrasının müdiri, dosent Sənan Əzizov, Tarix və onun tədrisi metodikası kafedrasının dosenti Emin Məlikov mövzu ətrafında geniş məruzə ediblər. Məruzələrdə qeyd edilib ki, Ümumdünya Şəhərsalma Forumunun (World Urban Forum - WUF) 13-cü sessiyası BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təşkil olunan və dayanıqlı urbanizasiya sahəsində dünyanın ən nüfuzlu beynəlxalq tədbirlərindəndir. Məruzəçi qeyd edib ki, ki, WUF13 ölkələr, şəhərlər, ekspertlər və beynəlxalq təşkilatlar üçün qlobal urbanizasiya problemlərini və həll yollarını müzakirə etmək üçün əsas platformadır. Ümumdünya Şəhərsalma Forumunun (WUF) Azərbaycanda keçirilməsinin əhəmiyyəti çoxşaxəlidir və ölkənin beynəlxalq mövqeyinə, regional əməkdaşlığa, şəhər inkişafına və iqtisadi imkanlarına ciddi töhfələr verir. Belə miqyaslı BMT tədbirinin Azərbaycana həvalə olunması ölkənin qlobal urbanizasiya proseslərində etibarlı tərəfdaş, beynəlxalq dialoq üçün təhlükəsiz və əlverişli məkan, regional lider kimi qəbul edilməsinə xidmət edir. Bu, Azərbaycanın diplomatik mövqelərini daha da möhkəmləndirir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.