Azedu.az

DİM abituriyent, valideyn və pedaqoji ictimaiyyətlə açıq görüş keçirib

Xəbərlər

4 Mart 2026, 17:02
DİM abituriyent, valideyn və pedaqoji ictimaiyyətlə açıq görüş keçirib

Dövlət İmtahan Mərkəzində ayda bir dəfə Mərkəzin rəhbərliyinin iştirakı ilə aktual mövzular üzrə ictimaiyyət üçün açıq müzakirələr təşkil olunur.

AzEdu.az xəbər verir ki, növbəti açıq görüş martın 4-də təşkil olunub. Görüşdə iştirak etmək üçün qeydiyyat elektron formada DİM-in saytı vasitəsilə aparılıb.

Budəfəki müzakirə "İmtahan qaydaları, iştirakçıların diqqət yetirməli olduqları məsələlər" mövzusuna həsr olunub. Görüşdə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, müvafiq struktur bölmələrin rəhbərləri, şagirdlər, abituriyentlər və onların valideynləri, müəllimlər, eləcə də təhsil və pedaqoji ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri M.Abbaszadə belə görüşlərin ictimaiyyət üçün qəbul kampaniyasının gedişi, onun ayrı-ayrı istiqamətləri, mərhələləri barədə dolğun, dəqiq və etibarlı informasiyanın çatıdırılmasında, eyni zamanda qarşı tərəflərin fikirlərinin öyrənilib təhlil olunmasında xüsusi rol oynadığını qeyd edib.

Daha sonra DİM-in İmtahanların təşkili, təhlükəsizlik və koordiyasiya şöbəsinin müdiri Məhəmməd Məmmədov imtahan qaydaları, imtahandan öncə və imtahan zamanı iştirakçıların əməl etməli olduğu məsələlər, valideynlərin üzərinə düşən öhdəliklər və s. haqqında təqdimat nümayiş etdirib. Görüş interaktiv formada keçirilib və iştirakçıların sualları cavablandırılıb.

Görüşdən sonra şagirdlər və abituriyentlərə Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən dərslik materialları əsasında hazırlanan bilik səviyyəsinin yoxlanılması üzrə testlərdən ödənişsiz formada yararlanmaq imkanı yaradılıb. Siniflər üzrə testlər dərslik materialları əsasında bilik səviyyəsinin yoxlanılması məqsədi daşıyır. 

Tədbirin əvvəlində iştirakçılar Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi jurnal və qiymətləndirmə kitabları ilə də tanış olublar.

Təhsil və pedaqoji ictimaiyyət nümayəndələri növbəti aylarda keçiriləcək görüşlərdə müzakirə edilmək üçün mövzularla bağlı təkliflərini [email protected] poçtuna göndərə bilərlər.

Türkiyəyə ballistik raket atıldı - İrandan ŞOK HÜCUM!
Son xəbərlərDaha çox