Təhsildə idman məsələsi problemə çevirilib. Orta və ali məktəblərdə idmanın rolu zəifdir.
AzEdu.az xəbər verir ki, bunu Gənclər və idman komitəsinin Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və idman federasiyaları ilə görüş zamanı Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.
Komitənin vitse-prezidentinin sözlərinə görə, dünyada “universitet idmanı” anlayışı geniş yayılıb.
“Məsələn, Böyük Britaniya və Amerika Birləşmiş Ştatları kimi ölkələrdə idmanın əsas inkişaf bazası məhz universitetlərdir. Universitet komandaları mövcuddur, ali məktəblərarası yarışlar keçirilir və bəzi idman növləri əsasən təhsil müəssisələrində formalaşır”.
O qeyd edib ki, xüsusilə basketbol kimi idman növü bir çox ölkədə məhz universitet sistemi üzərindən inkişaf edib. Atletika və digər oyun idman növləri də ali və orta təhsil sistemində geniş şəkildə təşviq olunur. Bizdə isə təhsil qanunvericiliyində idmanın əsas fənn kimi statusu və strateji istiqamət kimi rolu yetərincə vurğulanmayıb. Halbuki idman təkcə fiziki inkişaf deyil, həm də intizam, komanda ruhu, liderlik və vətənpərvərlik tərbiyəsinin bir hissəsidir.