Azedu.az

Sertifikat var, iş yoxdur... - Dövlət qulluğunun müsahibə mərhələsində NARAZILIQ

Xəbərlər

Dövlət qulluğu

2 Mart 2026, 15:18
Sertifikat var, iş yoxdur... - Dövlət qulluğunun müsahibə mərhələsində NARAZILIQ
Deputatlar tərəfindən qeyd olunur ki, dövlət qulluğuna qəbul imtahanından uğurla keçərək sertifikat alan və ehtiyat kadr siyahısına daxil edilən gənclər sonradan işlə təmin olunmur, müsahibə mərhələsində isə müəyyən narazılıqlar yaranır.

Dövlət qulluğuna qəbul prosesində, xüsusilə müsahibə mərhələsində şəffaflığın və obyektivliyin daha da gücləndirilməsi ilə bağlı AzEdu.az-a təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri danışıb.

Müsahibimiz qeyd edib ki, həm test, həm də müsahibə mərhələsini normal şəkildə keçərək lazımi bal toplayan və prosesdən razı qalan şəxslər də var:

“Qeyd olunan məsələyə bir neçə kontekstdən yanaşmaq lazımdır. Birincisi, ümumilikdə imtahan prosesinin təşkili; ikincisi isə imtahan mərhələsindən sonra yaranan real situasiya.

İmtahan prosesinin təşkili ilə bağlı düşünürəm ki, narazılıq və şikayətlər o qədər də çox deyil. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən test imtahanı mərhələsi yüksək səviyyədə təşkil olunur, burada şəffaflıq və peşəkarlıq əsasən təmin edilir. Mən bunu hər hansı qurumun lehinə danışmaq üçün demirəm, sadəcə ortada mövcud olan reallığı qeyd edirəm.

Müsahibə mərhələsi isə prosesin növbəti səviyyəsidir və artıq imtahanın təşkilindən kənar bir mərhələdir. Bununla bağlı da genişmiqyaslı və sistemli narazılıqların olduğunu demək çətindir. Doğrudur, sosial şəbəkələrdə və fərdi müstəvidə müsahibə mərhələsindən narazılıqlar səsləndirilir. Şəxsən tanıdığım insanlar arasında da dövlət qulluğuna qəbulun müsahibə mərhələsi ilə bağlı narazılıq bildirənlər olub.

Lakin məsələni peşəkar yanaşma ilə qiymətləndirdikdə, bu narazılıqların kütləvi xarakter daşıdığını söyləmək üçün kifayət qədər əsas yoxdur. Mən bu mövzu ilə bağlı geniş tədqiqat və ya sistemli araşdırma aparmamışam ki, ümumi və qəti rəy bildirə bilim. Bəzi hallarda müsahibə zamanı sualların çətinliyi və ya ekspertlərin daha sərt yanaşması ilə bağlı fikirlər səsləndirilir, amma bunları bütövlükdə sistemli problem kimi qiymətləndirmək hələ tezdir”.

Hazırda tələb olunan balı toplayaraq müxtəlif kateqoriyalardan keçmiş, lakin gözləmə mövqeyində olan xeyli gəncin olduğunu deyən müsahibimiz əlavə edib:

“Eyni zamanda, həm test, həm də müsahibə mərhələsini normal şəkildə keçərək lazımi bal toplayan və prosesdən razı qalan şəxslər də var. Burada digər bir məsələ yerləşdirmə mərhələsidir. Bu isə artıq vakansiya elan edən qurumlardan və mövcud ştat yerlərindən asılıdır. Hazırda tələb olunan balı toplayaraq müxtəlif kateqoriyalardan keçmiş, lakin gözləmə mövqeyində olan xeyli gənc var.

Mən təhsil sahəsində çalışan biri kimi məsələyə daha çox imtahan prosesinin təşkili kontekstindən yanaşa bilərəm. Bu çərçivədə ciddi neqativ detalları ümumiləşdirilmiş formada görmürəm. Lakin obyektiv nəticəyə gəlmək üçün ən azı 100–200 nəfər dövlət qulluğuna qəbul prosesində iştirak etmiş şəxslə sorğu aparılmalı, onların təcrübəsi sistemləşdirilməli və ondan sonra ümumi qənaət bölüşülməlidir”

İranın nüvə obyekti vuruldu - DƏHŞƏTLİ HÜCUM
Son xəbərlərDaha çox