Son illərdə xaricdə təhsil sahəsində artan tələbatla paralel olaraq, bazarda “feyk universitetlər” və ya qeyri-rəsmi təhsil qurumları da sürətlə çoxalmağa başlayıb. Xüsusilə Şimali Kipr, Polşa və bəzi Avropa ölkələrinin adı istifadə edilərək təqdim olunan “onlayn doktorantura” və ya “hibrid PhD proqramları” ciddi risklər yaradır.
Feyk Universitet nədir?
Feyk universitet - rəsmi akkreditasiyası olmayan, dövlət tərəfindən tanınmayan və verdiyi diplomların hüquqi qüvvəsi olmayan qurumlardır. Bu qurumlar çox vaxt özlərini “beynəlxalq universitet”, “Avropa institutu” və ya “akademiya” kimi təqdim edir.
Əsas məqsədləri isə tələbələri tez və asan diplom və ya əskərlikdən möhlət vədi ilə cəlb etməkdir.
Ən çox istifadə olunan aldadıcı model: “Onlayn və ya Hibrid Doktorantura”. Son dövrlərdə ən çox rast gəlinən model belədir, "tam onlayn doktorantura", “Diplom Avropada tanınır” kimi sözlər.
Əslində isə bu model elmi sistemə tam ziddir.
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Xaricdə Təhsil üzrə mütəxəssis Mürsəl Əliyevin sözlərinə görə “hibrid doktorantura anlayışı real deyil”:

"Xüsusilə vurğulamaq istəyirəm ki, “hibrid doktorantura” anlayışı akademik baxımdan mövcud deyil. Təhsil formaları ümumilikdə üç əsas kateqoriyaya bölünür: əyani (full-time), qiyabi (part-time) və onlayn təhsil. Lakin doktorantura səviyyəsində tam onlayn və ya “hibrid” formatda təhsil beynəlxalq akademik standartlara uyğun hesab olunmur.
Təəssüf ki, hazırda bu istiqamətdə vəziyyət kifayət qədər ciddidir. Mövcud olmayan, yalnız formal və ya kağız üzərində yaradılmış “universitetlərə” müraciət edənlərin sayı artır və bu da geniş miqyaslı problemlərə səbəb olur. İnsanlar rahat həll yolu istəyirlər amma bu rahatlıq onlara baha başa gələcək"-deyə ekspert sonda qeyd etdi.
Niyə bu proqramlar feykdir?
Doktorantura tam onlayn olmur
Məsələn, Türkiyədə doktorantura proqramları YÖK (Yükseköğretim Kurulu) tərəfindən tənzimlənir. YÖK qaydalarına görə PHD proqramları əyani və ya ən azı ciddi akademik nəzarət altında olmalıdır. Tələbə elmi tədqiqat aparmalı və müdafiə etməlidir. Elmi rəhbərlə fiziki və ya rəsmi akademik əlaqə olmalıdır.
Akkreditasiya yoxdur
Avropada universitetlərin tanınması üçün müxtəlif akkreditasiya sistemləri mövcuddur. Məsələn ENQA və EQAR bu sistemlərə qoşulmayan "ali təhsil" ocaqları sadəcə kurs və ya sayt kimi fəaliyyət göstərə bilərlər.
Diplomlar tanınmır
Bu qurumlardan alınan diplom Azərbaycanda Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən tanınmır, Türkiyədə və Avropada hüquqi qüvvəyə malik olmur. Yəni, siz pul verirsiniz, amma real dəyəri olmayan bir kağız alırsınız.
Yuxarıda sadalananlardan başqa yüzlərlə səbəb göstərmək olar ki bu dırnaqarası qurumların fəaliyyəti ifşa olunsun.
Bəs universitetin mövcudluğunu necə yoxlamaq olar?
Əgər sizə belə təklif gəlibsə, mütləq bunları yoxlayın:
Universitet rəsmi dövlət siyahısındadır?
Akkreditasiyası varmı?
Fiziki kampusu varmı?
Rəsmi müəllim heyəti göstərilibmi?
Doktorantura proqramı dövlət tərəfindən təsdiqlənibmi?
Əgər bu suallardan hər hansı biri “yox”dursa - böyük ehtimalla bu feykdir".