Azedu.az

Oruc tutan yeniyetmələr: hansı riskləri var? - PEDİATR

Xəbərlər

27 Fevral 2026, 15:52
Oruc tutan yeniyetmələr: hansı riskləri var? - PEDİATR

Ramazan ayının gəlişi ilə birlikdə cəmiyyətdə mənəvi dəyərlər, ibadət və paylaşma ruhu daha da güclənir. Bu ayda bir çox ailələr oruc tutur və məktəb yaşlı uşaqlar, xüsusilə yeniyetməlik dövründə olan şagirdlər də valideynlərinə qoşularaq oruc tutmağa maraq göstərirlər. Bəziləri bunu dini məsuliyyət hissi ilə, bəziləri isə ailə mühitinin təsiri ilə yerinə yetirməyə çalışır.

Lakin yeniyetməlik dövrünün orqanizmin sürətli böyümə və inkişaf mərhələsi olduğunu nəzərə alsaq, maraq doğuran əsas sual budur: oruc tutmaq şagirdlərin sağlamlığına necə təsir edir?

Mövzu ilə bağlı pediatr Aidə Əliyeva AzEdu.az-a açıqlama verib.

Oruc düzgün qaydada tutulmadıqda, uşaqlarda tez-tez halsızlıq və hətta huş itkisi halları müşahidə olunur.

"Yeniyetmə dövrü uşaqların aktiv böyümə mərhələsidir. Bu dövrdə fiziki inkişafla yanaşı, onlar həm də daha çox yüklənirlər: məktəbə gedir, əlavə dərslərdə iştirak edir, imtahanlara hazırlaşırlar. Bəzi yeniyetmələr bu dönəmdə oruc da tuturlar və bu zaman müəyyən risklər yarana bilər.

Məsələn, oruc zamanı vitamin və zülal çatışmazlığı meydana çıxa bilər. Ümumiyyətlə, məktəbli uşaqlar səhər tezdən durmaqda çətinlik çəkdikləri üçün bəzən kifayət qədər qidalanmır, gündəlik lazım olan kalori və mayeni qəbul etmirlər. Nəticədə zəifləyir, qanda hemoglobin səviyyəsi aşağı düşür, halsızlıq yaranır. Xüsusilə oruc düzgün qaydada tutulmadıqda, uşaqlarda tez-tez halsızlıq və hətta huş itkisi halları müşahidə olunur".

Xüsusilə mədə-bağırsaq problemi, qan azlığı, vitamin çatışmazlığı və ya nevrozu olan uşaqlara oruc tutmaq qəti şəkildə məsləhət görülmür.

"Digər problemlərdən biri də odur ki, uşaqlar zəifləyir və infeksiyalara daha meylli olurlar. Bundan əlavə, müşahidə edirik ki, uşaqlar daha əsəbi, halsız və qıcıq olurlar. Bu hallar çox vaxt yuxu rejiminin pozulması ilə əlaqəli olur. Həm oğlanlarda, həm də qızlarda kortizol səviyyəsi yüksələ bilər. Bu səbəbdən, dinimiz icazə versə də, bu proses uşaqların bioloji ritmi ilə tam uyğunlaşmaya bilər. Ona görə də bunu ümumilikdə tövsiyə etmirəm.

Bununla belə, elə uşaqlar var ki, onlara qətiyyən oruc tutmaq olmaz. Əgər uşağın mədə-bağırsaq sistemi ilə bağlı problemi, qan azlığı, vitamin çatışmazlığı, nevrozu varsa və ya hər hansı kəskin qrip infeksiyası keçirirsə, həmin uşağa oruc tutmaq qəti şəkildə məsləhət görülmür".

Əvvəlcədən uşağı pediatra müayinəyə aparmaq vacibdir ki, hər hansı sağlamlıq problemi olub-olmadığı müəyyən edilsin. Zərurət olarsa, analizlər də verilməlidir:

"Bilirsiniz ki, bu yaşda uşaqların ümumiyyətlə düzgün və əsaslandırılmış qərar verməsi çətin olur. Bəzən valideynlə məsləhətləşmədən özləri qərar verib oruc tuturlar. Belə hallarda valideyn nə etməlidir? İlk növbədə uşağa izah etməlidir ki, bu, onun gündəlik ritmi və həyat tərzi üçün riskli ola bilər.

Bundan əlavə, əvvəlcədən uşağı pediatra müayinəyə aparmaq vacibdir ki, hər hansı sağlamlıq problemi olub-olmadığı müəyyən edilsin. Zərurət olarsa, analizlər də verilməlidir ki, uşağın tam sağlam olduğu və oruc tutmağa heç bir əks göstəriş olmadığı dəqiqləşdirilsin".

İranla sərhədimizdə gərginlik - Silahlar işə düşdü
Son xəbərlərDaha çox