Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində Xocalı soyqırımının 34-cü ildönümünə həsr edilən sinifdaxili tədbirlər keçirilib.
AzEdu.az xəbər verir ki, tədbirlər Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin və Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirlərdə böyüməkdə olan nəslə Xocalı soyqırımı haqqında məlumat verilib, Xocalı faciəsinin Azərbaycanın ictimai-siyasi fikir tarixində əsas yerlərdən birini tutduğu, onun dünyaya tanıdılmasının dövlətimizin daim diqqət mərkəzində olduğu bildirilib. Azərbaycanın ərazi bütövlüyünün və ölkəmizin suverenliyinin tam bərpa edilməsi ilə bütün şəhidlərimizin, o cümlədən Xocalı qurbanlarının qanlarının yerdə qalmadığı, Xocalı sakinlərinin artıq öz evlərinə geri döndüyü, Qarabağda gedən quruculuq işlərinin sürətlə davam etdirildiyi şagirdlərin nəzərinə çatdırılıb.
Həmçinin Xocalı qurbanlarının xatirəsinin daim uca tutulması və bu hadisənin beynəlxalq aləmdə tanıdılmasında yetişməkdə olan nəsillərin öz töhfələrini verməsinin vacibliyi vurğulanıb.
Qeyd edək ki, təhsil müəssisələrinin müəllim və şagird kollektivləri Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini də ziyarət ediblər.