Azedu.az

Qeyri-sabit hava virusları gücləndirirmi? - valideynlər diqqətli OLUN

Xəbərlər

26 Fevral 2026, 15:02
Qeyri-sabit hava virusları gücləndirirmi? - valideynlər diqqətli OLUN

Son günlərdə hava tez-tez dəyişir. İki gün günəşli keçdikdən sonra yağış yağır, dumanlı hava və kəskin soyuq hiss olunur. Bu kimi hava dəyişikliklərindən sonra müşahidələrə görə həm uşaqlar, həm də böyüklər arasında qripə yoluxma halları artır.

Maraqlıdır, müəyyən virusların yayılmasına havanın qeyri-sabit olması səbəb olurmu? Ümumiyyətlə, belə hava dəyişiklikləri zamanı valideynlər nələrə diqqət etməlidirlər?

AzEdu.az-a mövzu ilə bağlı pediatr Şəlalə Poluxova açıqlama verib.

O qeyd edib ki, xəstəlik yaradan əsas amil respirator virus infeksiyalarıdır:

“Son günlərdə hava çox qeyri-sabit keçir. Yəni günəşli havadan sonra yağış, duman və kəskin temperatur dəyişiklikləri müşahidə olunur. Lakin bu dəyişikliklər özləri birbaşa xəstəlik yaratmır. Xəstəlik yaradan əsas amil respirator virus infeksiyalarıdır. Kəskin temperatur dəyişiklikləri və qeyri-sabit hava şəraiti bu infeksiyaların yayılmasına müəyyən qədər təsir göstərir, lakin hava özü xəstəlik törətmir.

Belə havalarda insanlar, xüsusən də soyuq və rütubətli şəraitdə daha çox qapalı məkanlarda vaxt keçirirlər. Bu isə virusların yayılmasını asanlaşdırır. Məsələn, influenza (qrip) virusu, RSV və digər respirator viruslar payız-qış mövsümündə daha aktiv olurlar. Aşağı temperatur və kəskin hava dəyişiklikləri insanın immun sistemini müvəqqəti zəiflədir və yoluxma riskini artırır".

Həkim bildirib ki, əgər yüksək hərarət, halsızlıq, burun axıntısı və öskürək kimi simptomlar müşahidə olunarsa, vaxtında həkim məsləhəti almaq vacibdir:

“Valideynlər və yetkinlər uşaqları belə havalarda düzgün geyindirməli, onların tərləyib soyumasının qarşısını almaq üçün bir neçə nazik qat şəklində geyindirməlidirlər. Qapalı məkanlar mütəmadi havalandırılmalı, gigiyena qaydalarına, xüsusilə əl təmizliyinə diqqət edilməli, peyvəndlər vaxtında aparılmalıdır. Antibiotiklər yalnız həkim göstərişi ilə istifadə edilməlidir. Yersiz istifadə immun sistemini zəiflədə və digər xəstəliklərin yaranmasına səbəb ola bilər.

Yekun olaraq qeyd etmək lazımdır ki, hava dəyişməsi birbaşa xəstəlik yaratmır. Sadəcə olaraq, virusların daha dözümlü qalmasına və yayılmasına şərait yaradır. İnsanlar belə havalarda daha sıx təmasda olurlar, həmçinin qoruyucu bədən baryerləri - məsələn, aşağı temperaturda möhkəmliyi zəifləyən selikli qişalar zəifləyir və bu da xəstələnmə ehtimalını artırır".

Bakı Putindən bunu tələb edir! - Nazirdən kritik açıqlama
Son xəbərlərDaha çox