Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinə yeni təyin olunmuş direktorlarla görüş keçirilib.
AzEdu.az xəbər verir ki, görüşdə BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə, Ümumi təhsilin təşkili sektorunun müdiri Turanə Məcidli, Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Zinyət Əmirova, Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, Hüquq, kargüzarlıq və vətəndaşlarla iş sektorunun müdiri Kamran Əliyev, Maliyyə-mühasibatlıq sektorunun müdiri İlahə Əliyeva, Təminat, təchizat və təsərrüfat sektorunun müdiri Kənan Hüseynov və yeni təyin olunmuş məktəb direktorları iştirak ediblər.
BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə yeni təyin olunmuş direktorları təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb. Müdir müavini məktəblərdə səmərəli idarəetmənin qurulması, təhsilin keyfiyyətinin yüksəldilməsi və sağlam mənəvi-psixoloji mühitin formalaşdırılmasının vacibliyindən danışıb, müvafiq tövsiyələr verib.
İdarənin strukturuna dair təqdimatla çıxış edən Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Zinyət Əmirova ayrı-ayrı struktur bölmələrin səlahiyyət çərçivəsi haqqında məlumat verib, düzgün təşkil olunmuş kommunikasiyanın təhsildə keyfiyyətin təmin olunması və səmərəli məktəb mühitinin formalaşdırılmasındakı rolundan danışıb.
Görüşdə şagird nailiyyətlərinin artırılması, məktəbdaxili idarəetmədə şəffaflığın təmin olunması, müəllim-şagird-valideyn münasibətlərinin düzgün qurulması, ictimaiyyətlə əlaqələr işinin səmərəliliyinin artırılmasının əhəmiyyəti vurğulanıb. Həmçinin direktorların peşəkar inkişafı, idarəetmədə müasir yanaşmaların tətbiqi məsələləri diqqətə çatdırılıb, məktəblərdə təhlükəsiz və sağlam təhsil mühitinin yaradılması, təhsil müəssisələrinin təsərrüfat və təchizat məsələləri ilə bağlı söhbətlər aparılıb.
Daha sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb, təklif və fikirləri dinlənilib.
Qeyd edək ki, paytaxtdakı ümumi təhsil məktəblərinə yeni təyin olunmuş direktorlar üçün müxtəlif istiqamətlər üzrə təlim-seminarların təşkili də nəzərdə tutulur.