Himayədar ailələrdə böyüyən uşaqların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət tərəfindən ödənilən müavinətlərin məbləği müəyyən edilib. Qüvvədə olan qaydalara əsasən, himayədar ailəyə verilmiş hər bir uşaq üçün aylıq və birdəfəlik maliyyə dəstəyi nəzərdə tutulur.
Belə ki, sağlam uşaqlar üçün aylıq müavinətin məbləği yaş qruplarına uyğun olaraq dəyişir.
AzEdu.az-ın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən əldə etdiyi məlumat görə, 0-6 yaş arası uşaqlara görə himayədar ailəyə 355 AZN, 7-13 yaş arası uşaqlara görə 375 AZN, 14-18 yaş arası uşaqlara görə isə 395 AZN aylıq müavinət ödənilir.
18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlara görə isə daha yüksək məbləğ tətbiq olunur. Bu kateqoriyaya daxil olan 0-6 yaş arası uşaqlar üçün aylıq 500 AZN, 7-13 yaş arası uşaqlar üçün 600 AZN, 14-18 yaş arası uşaqlar üçün isə 650 AZN müavinət verilir.
Bundan əlavə, himayədar ailələrə ildə dörd dəfə mart, iyun, sentyabr və dekabr aylarında hər dəfə 200 AZN məbləğində birdəfəlik müavinət ödənilir.
Qeyd edək ki, bu ödənişlər himayədar ailələrin üzərinə düşən sosial və maddi yükün azaldılmasına, uşaqların daha sağlam və təhlükəsiz mühitdə böyüməsinə dəstək məqsədi daşıyır.