Azedu.az

Pişiklərdəki xərçəng insanlarla genetik olaraq oxşardır

Xəbərlər

23 Fevral 2026, 09:07
Pişiklərdəki xərçəng insanlarla genetik olaraq oxşardır

İngiltərədə fəaliyyət göstərən Wellcome Sanger Institute tərəfindən aparılan beynəlxalq tədqiqat ev pişiklərində rast gəlinən xərçəng növlərinin insanlardakı xəstəliklərlə genetik oxşarlıqlar daşıdığını ortaya qoyub.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki,Ontario, Bern və Cornell universitetlərindən olan mütəxəssislərin iştirakı ilə həyata keçirilən araşdırma çərçivəsində beş ölkədən təxminən 500 ev pişiyindən götürülmüş 13 müxtəlif xərçəng növü analiz edilib.

Alimlər müəyyən ediblər ki, ev heyvanları sahibləri ilə oxşar ətraf mühit risk faktorlarına məruz qalır. Bu isə xəstəliyin yaranma səbəblərinin qismən ortaq ola biləcəyini göstərir.

Tədqiqat zamanı pişiklərdə xərçəngin yaranmasına səbəb olan genetik dəyişikliklər müəyyənləşdirilib və onların insanlarda müşahidə olunan dəyişikliklərlə bənzərlik təşkil etdiyi bildirilib. Xüsusilə, pişiklər və insanlar arasında süd vəzi (məmə) xərçəngi baxımından mühüm oxşarlıqların olduğu vurğulanıb.

Araşdırmanın həmmüəllifi Bailey Francis bildirib ki, müxtəlif növ xərçənglərin genomikasının müqayisəsi xəstəliyin səbəblərini daha dərindən anlamağa imkan verir. Onun sözlərinə görə, ən mühüm nəticələrdən biri pişiklərdə aşkarlanan genetik dəyişikliklərin insanlarda və itlərdə rast gəlinən bəzi dəyişikliklərlə uyğunluq təşkil etməsidir.

Mütəxəssislər hesab edirlər ki, bu tapıntılar həm baytarlıq sahəsində, həm də insanlarda xərçəng müalicəsi istiqamətində aparılan elmi araşdırmalara töhfə verə bilər.

Araşdırmanın nəticələri nüfuzlu Science jurnalında dərc olunub.

Tehranda güclü partlayışlar: İrana hücum...
Son xəbərlərDaha çox