Uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin qanunvericilikdə əksini tapması təklif edilib.
AzEdu.az xəbər verir ki, belə təkliflə Milli Məclisin bu gün keçirilən iclasında ”Uşaq hüquqları haqqında“ qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Vüqar İskəndərov çıxış edib.
Deputat deyib ki, layihədə 54-cü maddə çətin həyat şəraitində olan uşaqlara sosial xidmət müəssisələrində göstərilən xidmətlərin keyfiyyət tələblərini müəyyən edir:
“Bu maddənin məntiqi davamı olaraq uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinə dair konkret müddəalar da əlavə edilməlidir. Bu aspektdə xüsusilə zorakılıq, aqressiya və asılılıq yaradan kompüter oyunlarının istifadəsinin məhdudlaşdırılması, valideyn nəzarəti alətlərinin təşviqi, təhsil müəssisələrində rəqəmsal təhlükəsizlik və media savadlılığı üzrə sistemli maarifləndirmə tədbirlərinin keçirilməsi, oyun və digər rəqəmsal kontent üzrə məcburi yaş kateqoriyası sisteminin tətbiqi və nəzarət mexanizminin gücləndirilməsi qanunvericilik səviyyəsində öz əksini tapmalıdır. Bu gün uşaqların qarşılaşdığı risklərin mühüm hissəsi artıq fiziki mühitdən deyil, məhz rəqəmsal mühitdən qaynaqlanır. Ona görə də uşaqların psixoloji və mənəvi inkişafının qorunması yalnız sosial müdafiə mexanizmləri ilə deyil, eyni zamanda texnoloji təhlükəsizlik siyasəti ilə bağlıdır. Bir çox inkişaf etmiş ölkələr bu istiqamətdə konkret hüquqi mexanizmlər formalaşdırır. Biz də uşaqların sağlam, təhlükəsiz və balanslı rəqəmsal mühitdə böyüməsini təmin etmək üçün qabaqlayıcı addımlat atmalıyıq”.