Azedu.az

Təbii işığın çatışmazlığı gənclərin gözünü zədələyir

Xəbərlər

19 Fevral 2026, 17:42
Təbii işığın çatışmazlığı gənclərin gözünü zədələyir

Son illərdə yaxından görmə zəifliyinin (miopiya) kütləvi hal alması dünya miqyasında ciddi narahatlıq doğurur.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu günə qədər problemin əsas səbəbi kimi smartfon və planşetlərdən həddindən artıq istifadə göstərilsə də, yeni elmi araşdırmalar məsələnin daha dərində olduğunu üzə çıxarıb.

SUNY Optometriya Kollecinin alimləri müəyyən ediblər ki, gözlərin korlanmasına səbəb təkcə texnoloji cihazlar deyil, qapalı məkanlardakı zəif işıqlandırmadır.

Tədqiqatçıların qənaətinə görə, əsas risk faktoru uzun müddət yaxın məsafəyə fokuslanmaqla daxili məkanın yetərsiz işığının birləşməsidir. Belə ki, az işıqlı otaqda kitab oxuduqda və ya telefona baxdıqda göz bəbəkləri elə bir formada daralır ki, torlu qişaya (retina) daxil olan işıq seli kəskin azalır. Məhz bu "işıq aclığı" gözün strukturunda miopiyaya yol açan bioloji dəyişiklikləri tətikləyən əsas mexanizmdir.

"Cell Reports" jurnalında dərc olunan bu araşdırma, illərdir davam edən "ekran asılılığı" müzakirələrinə yeni istiqamət verir. Tədqiqatın rəhbəri, professor Xose-Manuel Alonso bildirir ki, miopiyanın sürətlə yayılmasının kökündə duran gizli amil qapalı məkanlarda keçirilən vaxt ərzində gözün ehtiyac duyduğu təbii işığı ala bilməməsidir. Bu faktor xüsusilə inkişaf dövründə olan uşaqlar və gənclər üçün daha böyük təhlükə yaradır.

Mütəxəssislər vurğulayırlar ki, göz sağlamlığını qorumaq üçün təkcə ekran vaxtını məhdudlaşdırmaq kifayət deyil. Otaqların işıqlandırma dərəcəsinə ciddi diqqət yetirmək və mümkün qədər təbii gün işığı olan mühitlərdə vaxt keçirmək vacibdir. Bu kəşf gələcəkdə məktəb və ofis dizaynlarında işıqlandırma standartlarının köklü şəkildə dəyişdirilməsinə səbəb ola bilər.

İranla Rusiya hərəkətə keçdi - Dəhşətli hücum hazırlığı başladı
Son xəbərlərDaha çox