Alzheimer xəstəliyinin müalicəsi istiqamətində aparılan yeni beynəlxalq araşdırma gözlənilməz nəticələr ortaya qoyub.
AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, alimlər artıq istifadə olunan bəzi dərmanların bu xəstəliyin qarşısının alınması və ya müalicəsində faydalı ola biləcəyini müəyyən ediblər.
80 mövcud dərmanın təhlil olunduğu araşdırmada zona (herpes zoster) peyvəndi — Zostavax — ən perspektivli namizəd kimi seçilib. Bundan əlavə, erektil disfunksiyanın müalicəsində istifadə olunan Viagra (sildenafil) və motor neyron xəstəliyinin müalicəsində tətbiq edilən Riluzole da güclü potensial nümayiş etdirib.
Tədqiqatın məqsədi sıfırdan yeni dərman hazırlamaq əvəzinə, artıq təsdiqlənmiş preparatların Alzheimer xəstəliyinə qarşı təsir imkanlarını araşdırmaq olub. Alimlər hesab edirlər ki, mövcud dərmanların yenidən istifadəsi həm vaxt, həm də maliyyə baxımından daha səmərəli yanaşmadır.
Araşdırma Alzheimer's Society tərəfindən maliyyələşdirilib və University of Exeter rəhbərliyi ilə həyata keçirilib. Nəticələr “Alzheimer's Research and Therapy” jurnalında dərc olunub.
Mütəxəssislər vurğulayırlar ki, əldə edilən nəticələr ümidverici olsa da, bu dərmanların Alzheimer xəstəliyinə qarşı effektivliyini təsdiqləmək üçün əlavə klinik sınaqlara ehtiyac var.