Qlobal istiləşmə sürətlənsə də, təbiətin gözlənildiyi kimi daha dinamik dəyişmədiyi üzə çıxıb.
AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni elmi araşdırma son onilliklərdə ekosistemlərdə növlərin yenilənmə tempi əhəmiyyətli dərəcədə azaldığını göstərib.
Queen Mary University of London (QMUL) tərəfindən aparılan və Nature Communications jurnalında dərc olunan tədqiqatın nəticələrinə görə, 1970-ci illərdən bəri yerli yaşayış mühitlərində növlərin bir-birini əvəz etmə sürəti təxminən üçdəbir azalıb.
Uzun illərdir alimlər hesab edirdilər ki, temperaturun artması və iqlim qurşaqlarının dəyişməsi növlərin daha sürətlə köç etməsinə, bəzi ərazilərdə yox olub digərlərində yayılmasına səbəb olacaq. Bu isə ekosistemlərdə dəyişmə prosesini daha da sürətləndirəcəkdi.
Lakin yüz ilə yaxın dövrü əhatə edən qlobal biomüxtəliflik məlumatlarının təhlili bu gözləntilərin özünü doğrultmadığını göstərib. Dəniz, şirin su və quru ekosistemləri üzrə aparılan müşahidələr növlərin dəyişmə tempinin artmadığını, əksinə zəiflədiyini ortaya qoyub.
Tədqiqatın aparıcı müəllifi, doktor Emmanuel Nwankwo bildirib ki, təbiət normal şəraitdə özünü yeniləyən sistem kimi fəaliyyət göstərir — bəzi növlər azalır, yeniləri isə onların yerini tutur. “Ancaq görünür ki, bu sistem indi zəifləyib və demək olar dayanmaq üzrədir”, — deyə o qeyd edib.
Mütəxəssislərin fikrincə, bu tendensiya biomüxtəlifliyin azalması ilə bağlı ola bilər. Ekosistemlərdə növ müxtəlifliyi kifayət qədər olmadıqda, onlar iqlim dəyişikliyinə uyğunlaşmaq və funksiyalarını qorumaq qabiliyyətini zəiflədir.
Alimlər xəbərdarlıq edirlər ki, təbiətdə müşahidə olunan bu səssiz zəifləmə uzunmüddətli perspektivdə ekosistemlərin dayanıqlılığı üçün ciddi risk yarada bilər.