Tez-tez uşaqlar arasında qida zəhərlənməsi hallarının baş verdiyinin şahidi oluruq. Bir çox hallarda valideynlər ilkin mərhələdə bunun zəhərlənmə olduğunu anlamırlar.
Maraqlıdır, qida zəhərlənməsinin ilkin əlamətləri hansılardır? Valideynlər belə hallarda ilk olaraq nə etməlidirlər?
AzEdu.az-a mövzu ilə bağlı pediatr Şəlalə Poluxova açıqlama verib.
Müsahibimiz qeyd edib ki, erkən mərhələdə problemi dərk etmək və vaxtında tanımaq çox önəmlidir:
"Qida zəhərlənməsindən danışırıqsa, burada nəzərə almaq lazımdır ki, klinik əlamətlər sürətlə başlayır. Yəni həmin yeməyi yedikdən bir neçə saat sonra artıq əlamətlər özünü göstərir və uşaqda ağırlaşma müşahidə oluna bilər. Getdikcə müəyyən simptomlar üzə çıxır.
Ən çox rast gəldiyimiz ilkin simptom birinci növbədə qusmadır. Uşağın ürəyi bulanır və qusma başlayır, qusmalar təkrarlanan şəkildə baş verir. Qusmadan əlavə, uşaq qarın ağrısından, xüsusilə mədə nahiyəsində ağrıdan şikayət edir və bu, ürəkbulanma ilə yanaşı gedir. Böyük uşaqlarda daha çox spazm tipli, spastik ağrılar müşahidə olunur.
Bədən hərarəti bəzi hallarda yüksələ bilər, amma bu spesifik əlamət deyil, yəni hər zaman yüksəlməyə də bilər. Uşaqda ümumi halsızlıq, iştahsızlıq və baş ağrısı da olur. Çoxsaylı qusmaya görə dehidratasiya (susuzlaşma) əlamətləri inkişaf edə bilər. Proses bağırsaqlara keçdikdə isə ishal müşahidə olunur.
Əgər bu simptomlar qidanın qəbulundan 1-2 saat sonra başlayırsa, bu daha çox qidanın toksinlərlə zəhərlənməsi ilə bağlı olur. Əgər əlamətlər 8 saatdan 24 saata qədər müddətdə başlayırsa, bu zaman daha çox bakterial infeksiyalardan qaynaqlanan qusma və ishal ehtimal olunur".
Valideyn ilk olaraq nə etməlidir?
"Birinci növbədə panikaya ehtiyac yoxdur. Nəzərə almaq lazımdır ki, bu halların çoxu adətən bir neçə gün ərzində keçib gedir. Əsas məsələ düzgün və vacib addımları vaxtında atmaqdır.
Uşaqda susuzlaşmanın qarşısını almalıyıq. İstənilən virus infeksiyasında, qızdırmalı hallarda, virusa bağlı qusmalarda və eyni zamanda zəhərlənmələrdə qusma baş veribsə, bədən su itirir. Buna görə susuzlaşmanın qarşısını almaq çox vacibdir. Uşağa az-az, tez-tez su və maye verilməlidir. Ağızdan verilən rehidratasiya məhlulları istifadə oluna bilər. Bu məhlullar qusmanın bir qədər səngiməsinə və itirilmiş mayenin bərpasına kömək edir. Tövsiyə olunur ki, hər 5-10 dəqiqədən bir 1 çay qaşığı miqdarında maye verilsin.
Yeməyə dərhal tələsmək olmaz. Məsələn, uşaq 5 dəfə qaytarıbsa, onu dərhal qidalandırmaq düzgün deyil. Tutaq ki, günorta saatlarında uşaq yemək yeməyib, buna görə dərhal qidalandırmağa tələsməyə ehtiyac yoxdur. İlk saatlarda məcburi qidalandırma qusmanı artıra bilər.
Qusma zamanı əsas önəmli olan maye qəbuludur. Əgər uşaq davamlı qusursa, onu susuz vəziyyətdə evdə saxlamaq olmaz və dərhal təcili yardım çağırılmalı və ya təcili yardım şöbəsinə müraciət olunmalıdır. Qusma azaldıqdan, ilkin müdaxilə olunduqdan və uşağın vəziyyəti stabilləşdikdən sonra, yəni artıq qusmursa, yüngül qidalarla başlamaq olar.
Yüngül qidalar dedikdə, yağlı, çox ədviyyatlı və şəkərli qidalardan söhbət gedə bilməz. Daha uyğun qidalar suda qaynadılmış düyü, kartof püresi, bir az banan kimi məhsullardır. Bu hallarda pəhrizə riayət etmək çox önəmlidir.
Bəzən valideynlər başqasının təcrübəsinə əsaslanaraq, məsələn, "qonşunun uşağında belə olmuşdu" deyərək antibiotik verməyə çalışırlar. Təəssüf ki, bu məsləhət qətiyyən tövsiyə olunmur. Uşaqlarda ishal varsa, ishalı dayandıran müxtəlif preparatlar verilməsi də düzgün deyil. Hərarət yüksəkdirsə, yaşa uyğun qızdırmasalıcı dərmanlardan istifadə edilə bilər, amma həkim məsləhəti olmadan dərman istifadəsi təhlükəlidir.
Əgər uşağın kəskin qarın ağrısı varsa və ağrıdan dayana bilmir, uşaq 6 aydan kiçikdirsə (körpədirsə), uşaq davamlı və çoxsaylı qusursa, qusmadan sonra susuzlaşma əlamətləri müşahidə olunursa (göz yaşının olmaması, ağız və dodaqların quruluğu, dərinin quruması), uşaqda ishal, xüsusilə qanlı ishal varsa, hərarət çox yüksəkdirsə və uşaq ümumiyyətlə halsız, süst və yuxuya meyillidirsə, uşağı evdə saxlamaq olmaz. Hətta həftə sonu olsa və həkim işləməsə belə, gözləmək doğru deyil. Bu halda dərhal təcili yardıma aparmaq və ya evə təcili yardım çağırmaq lazımdır".