Azərbaycan təhsilinin inkişafında öz əməli fəaliyyəti, yüksək peşəkarlığı və vətənpərvər mövqeyi ilə seçilən Mehbarə Müslüm qızı Əzimova 60 illik yubileyi ərəfəsində nümunəvi pedaqoq və ictimai xadim kimi böyük hörmət və rəğbətlə anılır. Onun həyat yolunun 40 ildən artıq hissəsi təhsilin inkişafına, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda formalaşmasına həsr olunub.
Mehbarə xanım uzun illərdir ki, Kəlbəcər rayon təhsil sistemində səmərəli fəaliyyət göstərir və hazırda Kəlbəcər rayon 101 nömrəli orta məktəbin direktoru kimi öz məsuliyyətli missiyasını layiqincə yerinə yetirir. O, pedaqoji fəaliyyətində yalnız bilik verməklə kifayətlənməyərək, şagirdlərin vətəndaş kimi formalaşmasına, vətənə bağlı, milli kimliyini dərk edən gənclər kimi yetişməsinə xüsusi önəm verir. Onun rəhbərlik etdiyi məktəbdən hər il yüksək nəticələrlə ali məktəblərə qəbul olunan məzunlar bu zəhmətin ən bariz göstəricisidir. Bu gənclər bu gün ölkənin müxtəlif sahələrində çalışaraq dövlətə və cəmiyyətə töhfə verirlər.
Mehbarə xanım məktəbdə yalnız tədris prosesini deyil, həm də milli ideologiyanın, dövlətçilik ənənələrinin və vətənpərvərlik ruhunun aşılanmasını prioritet istiqamət kimi müəyyən edib. Onun təşəbbüsü ilə: Şəhidlərin xatirəsinə həsr olunan tədbirlər keçirilir, Zəfər Günü və digər milli bayramlar geniş qeyd olunur, Şagirdlərin muzeylərə, tarixi abidələrə və Şəhidlər xiyabanına ziyarətləri təşkil edilir, Sosial layihələr və vətənpərvərlik mövzulu tədbirlər davamlı xarakter daşıyır. Bu fəaliyyətlər gənclərin tarixini tanıyan, milli dəyərlərə bağlı və vətəninə sədaqətli vətəndaş kimi yetişməsinə mühüm təsir göstərir.
Mehbarə xanım ziyalı ailəsində böyüyüb. Atası Müsəlüm kişi rayonun hörmətli ziyalılarından biri kimi tanınıb, insanların problemlərinə həssas yanaşan, el-obaya dayaq olan nüfuzlu şəxsiyyət olub. Bu ailə ənənəsi bu gün də davam edir. Ailə üzvləri dövlətə və dövlətçiliyə sədaqətlə xidmət göstərirlər. Onun ailəsi Vətən müharibəsinin ağrı və qürurunu da yaşamışdır. Qeyd etmək olar ki, Birinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olaraq Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş Şahlar Şükürov Mehriban xanım Əzimovanın qardaşının qayınıdır. Həmçinin Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş zabit, Azərbaycan Ordusunun igid hərbçisi İlqar Vəliyev Mehriban xanımın bacısının həyat yoldaşıdır.
Onlar Azərbaycanın torpaqlarının azadlığı, ərazi bütövlüyü və dövlət müstəqilliyinin qorunması uğrunda canlarından keçmiş qəhrəman Vətən övladları kimi xalqımızın yaddaşında əbədi yaşayacaqlar.Bu fakt Mehbarə xanımın vətənpərvərlik ruhunun həyatında nə qədər dərin köklərə malik olduğunu bir daha göstərir.
Mehbarə Müslüm qızı Əzimova yalnız pedaqoq deyil, həm də fəal ictimai xadimdir. O, Uzun müddət Seçki Komissiyasının sədri kimi fəaliyyət göstərmiş
Ölkədə keçirilən seçki proseslərində fəal iştirak etmiş, Yeni Azərbaycan Partiyasının ərazi təşkilatında sədr kimi çalışaraq ictimai-siyasi həyatda aktiv rol oynamışdır. Onun fəaliyyəti dövlətçilik prinsiplərinə sədaqət, ulu öndər ideyalarına bağlılıq və müasir Azərbaycanın inkişafına dəstək ruhu ilə səciyyələnir.
Torpaqlarımızın işğaldan azad olunması ilə Kəlbəcərdə geniş bərpa və quruculuq işləri aparılır. Mehbarə xanımın ən böyük arzularından biri doğma Kəlbəcərdə yaşamaq, yaratmaq və yenidən bu torpaqlarda təhsilin inkişafına töhfə verməkdir. Bu arzu onun vətəninə, torpağına və xalqına bağlılığının ən səmimi ifadəsidir.
Mehbarə Müslüm qızı Əzimova ömrünü təhsilə, dövlətə və xalqa xidmətə həsr etmiş ziyalı Azərbaycan qadınının parlaq nümunəsidir. Onun pedaqoji fəaliyyəti, ictimai mövqeyi və vətənpərvərlik ruhu gənc nəsil üçün örnək, cəmiyyət üçün isə dəyərli irsdir.
Mehriban xanım Əzimova həm qayğıkeş ana, həm nümunəvi valideyn, həm də cəmiyyətə layiqli övladlar bəxş etmiş dəyərli bir ziyalıdır. Onun övladlarının təhsilli, savadlı və yüksək nailiyyətlər əldə etməsi, xüsusilə qızının ali məktəbi yüksək ballarla bitirməsi Mehriban xanımın ailə dəyərlərinə və təhsilə verdiyi önəmin bariz nümunəsidir. Həyat yoldaşının uzun illər təhsil sahəsində fəaliyyət göstərməsi və hazırda Kəlbəcər Rayon İcra Hakimiyyətində çalışması da bu ailənin cəmiyyətə xidmət yolunu seçdiyini göstərir.
Mehriban xanım Əzimovanı 60 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və Azərbaycan təhsilinin inkişafı naminə yeni-yeni uğurlar arzulayırıq. Onun zəngin həyat təcrübəsi və fədakar fəaliyyəti gələcək nəsillər üçün örnək olaraq qalacaqdır.