Son dövrlərdə baş verən bəzi hadisələrdən sonra cəmiyyətdə məktəb və ali təhsil müəssisələrində təhlükəsizlik məsələsinə maraq və həssaslıq xeyli artıb.
Bu sözləri AzEdu.az-a Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi ingilis dili müəllimi Günay Əkbərova söyləyib.
O, həmçinin qeyd edib ki,təhlükəsizlik sahəsində addımlar atılır və diqqət artıb:
"Mənim müşahidəmə görə, bir çox müəssisələrdə giriş-çıxışa nəzarət daha ciddi aparılır, mühafizə rejimi gücləndirilir, kameraların fəaliyyəti və ümumi nəzarət mexanizmləri daha sistemli şəkildə qurulmağa çalışılır. Amma bunu da qeyd etmək lazımdır ki, bu proses hər yerdə eyni sürətlə getmir, çünki məktəblərin və universitetlərin imkanları, infrastrukturu fərqlidir.
Dünya təcrübəsində təhlükəsizlik təkcə mühafizəçi və kamera ilə məhdudlaşmır. Ən effektiv yanaşma həm fiziki təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, həm də psixoloji mühitin qorunmasıdır. Yəni riskli vəziyyətlər üçün aydın qaydaların olması, şagird və tələbələrin davranışına nəzarət, psixoloq xidmətinin gücləndirilməsi, bullinq və aqressiya hallarının vaxtında aşkar edilməsi və valideynlərlə daha sıx əməkdaşlıq təhlükəsizlik sisteminin əsas hissəsidir.
Ümumilikdə demək olar ki, təhlükəsizlik sahəsində addımlar atılır və diqqət artıb. İndi əsas məsələ bu tədbirlərin davamlı və sistemli şəkildə bütün təhsil müəssisələrində eyni standartlarla tətbiq olunmasıdır. Çünki təhlükəsizlik təkcə fiziki qorunma deyil, həm də sağlam, nəzarətli və təhlükəsiz psixoloji mühitin formalaşdırılması deməkdir".