Azedu.az

Heç bir “möcüzəvi” məhsul boy uzatmır - pediatrla MÜSAHİBƏ

Xəbərlər

13 Fevral 2026, 13:19
Heç bir “möcüzəvi” məhsul boy uzatmır - pediatrla MÜSAHİBƏ

Son illərdə cəmiyyətdə tez-tez müzakirə olunan mövzulardan biri də uşaqların boy artımı və boy fərqləridir. Valideynlər narahatdır: bəziləri idmanla məşğul olmağa yönəldir, bəziləri isə müxtəlif vitaminlər və “boy artırıcı” məhsullara ümid edir.

AzEdu.az mövzu ilə bağlı pediatr Şəlalə Poluxova ilə həmsöhbət olub.

Müsahibədə uşaqların boyunu müəyyən edən genetik, hormonal və ətraf mühit faktorları, qidalanma və fiziki fəaliyyətin rolu, həmçinin valideynlərin diqqət etməli olduğu əsas məqamlar müzakirə olunub.

- Şəlalə xamım, boyun inkişafında genetik və ətraf mühit faktorlarının təsiri nə qədərdir?

- Genetik faktorlardan başlayaq. Ümumiyyətlə, uşağın boyuna təsir edən amillərdən danışanda, birinci növbədə genetik faktorların mühüm rol oynadığını qeyd etmək lazımdır. Çünki genetik faktorlar tək səbəb olmasa da, əsas səbəbdir və uşağın ana və atası, valideynlərin boyu uşağın genetik hədəf boyunu müəyyən edən bir amildir.

Lakin demək olmaz ki, boy yalnız genetik amillərdən asılıdır. Uşağın maksimal potensial boyunu genetika müəyyən etsə də, digər faktorlar var ki, uşağın bu potensiala çatmasına və ya ondan geri qalmasına təsir edir.

Digər faktorlar dedikdə nə nəzərdə tutulur? Xüsusilə uşağın hormonal balansı, boy hormonu səviyyəsi, ətraf mühit, yanaşı gələn xəstəliklər və infeksiyalar, yuxu rejimi, gündəlik həyat tərzi, fiziki aktivlik və qidalanma vərdişləri çox önəm daşıyır. Bütün bu amillər birgə uşağın boyunda mühüm rol oynayır. Dediyim kimi, genetika uşağın potensial boyuna çatmasında və ya ondan geri qalmasında əsas rol oynayır.

- Eyni valideynlərdən olan uşaqlar arasında niyə fərqli boy ölçüləri olur və qızların boy artımı niyə tez dayanır?

- Bunun səbəbi odur ki, eyni valideynlərdən doğulsalar da, hər uşaq öz fərdi genetik kombinasiyasını alır. Bu kombinasiyalar isə uşağın boyunu müəyyən edir. Üstəlik, boy tək bir genlə deyil, bir neçə genlə təyin olunur, buna görə uşaqlarda boy fərqləri müşahidə oluna bilər.

Qızlarda pubertat dövrü ümumiyyətlə daha tez başlayır. Sümüklərdə uzanma nöqtələri, yəni qığırdaqların bağlanma nöqtələri qızlarda daha tez bağlanır. Buna görə qızlarda cinsi inkişaf daha erkən baş verir və boy artımı da daha tez dayandığı üçün oğlanlarla müqayisədə boy fərqi yarana bilir.

Oğlanlarda isə bu proses daha gec başlayır və daha uzun müddət davam edir. Bu, həm də hormonal dəyişikliklərlə, xüsusilə estrogenin sümüklərdəki bağlanma nöqtələrinə təsiri ilə bağlıdır.

Bundan başqa, qidalanma şəraiti də önəmlidir. Ətraf mühit amilləri, məsələn, kənddə və ya şəhərdə böyümək, aşağı və ya yüksək gəlirli ölkədə yaşamaq da boy artımına təsir edir. Sosial-iqtisadi faktorlar belə hallara daxildir.

Uşağın ümumi sağlamlığı da vacibdir. Xroniki xəstəliklər, infeksiyalar, hormonal balans problemləri (məsələn, böyümə hormonu çatışmazlığı, hipotiroidizm) boy artımını ləngidə bilər.

Belə hallarda uşağın müntəzəm olaraq pediatr və endokrinoloq tərəfindən izlənməsi və daimi nəzarət altında saxlanması vacibdir.

- Uşağın boy artımında qidalanmanın rolu nə qədərdir və hansı qidalar onun inkişafına təsir göstərir?

- Qidalanma uşağın boy artımında çox önəmlidir. Genetika uşağın maksimal potensialını müəyyən etsə də, balanslı və yetərli qidalanma həmin potensiala çatmaq üçün vacibdir.

Fast food və hazır məhsullardan danışmaq olar, amma əsas odur ki, uşaq yalnız boy artımı üçün deyil, ümumi sağlamlığı və fiziki inkişafı üçün düzgün qidalanmalıdır.

Bu o deməkdir ki, uşaq kifayət qədər zülal, faydalı yağlar, karbohidratlar, vitamin və minerallar qəbul etməlidir. Xüsusi “möcüzəvi” məhsul yoxdur, uşağın boyu anında uzanmayacaq. Əsas odur ki, uşaq balanslı qidalanaraq genetik potensialına çatmağa imkan tapsın. Fast foodla qidalanan uşaqlarda bu ehtimal azalır.

- Valideyinlər övladlarının boy artımı üçün çox vaxt yer kökü, çuğundur kimi qidalar verir. 

- Uşağın gündəlik rasionunda yerkökü, çuğundur kimi tərəvəzlər mütləq olmalıdır. Bu tərəvəzlər vitamin və minerallarla zəngindir və sağlam uşağın qidalanmasında vacib yer tutur. Həmçinin, mövsümə uyğun meyvə və tərəvəzlər də rasionda olmalıdır.

Amma unutmaq olmaz ki, yerkökü yeyən uşağın boyu dərhal uzanacaq deyə bir şey yoxdur. Bu qidalar uşağın ümumi sağlamlığı və fiziki inkişafı üçün gündəlik rasionun bir hissəsi kimi əhəmiyyətlidir.

Əgər uşaq balanslı, evdə hazırlanmış, fast food-dan uzaq qidalanırsa, genetik potensialına çatmaq şansı daha yüksək olur. Əks halda, fast food, paketli qidalar, şəkərli və qazlı içkilər uşağın boy artımını azalda bilər.

- Bəzən uşağın boy artımını təşviq etmək üçün idman və ya boy artırıcı olduğu iddia edilən vitamin və məcunlardan istifadə edirlər. Bu metodların həqiqətən təsiri varmı?

-Xüsusi bir məcunun uşağın boyunu uzatmağa tibbi və elmi əsaslı təsiri yoxdur. Normal və sağlam qidalanan, həyat tərzi nizamlı, fiziki aktiv və yuxusu qaydasında olan uşaq genetik potensialına çatır.

Fiziki aktivlik uşağın sümükləri və əzələlərini gücləndirir. Basketbol, voleybol kimi idman növləri boy artımına müsbət təsir göstərə bilər, amma bu təsir böyük deyil.

Yəni, tək bir amil uşağın boyunu müəyyən etmir. İdman uşağın sağlamlığı və fiziki inkişafı üçün faydalıdır, amma yalnız idmanla boyun möcüzəvi şəkildə uzanacağını gözləmək doğru deyil.

- Valideyinlər boy artımında geriləmə hiss edərsə nə etməlidir?

- Uşaqlarda boy artımında geriləmə müşahidə olunarsa, məsələn, rutin pediatr müayinəsində percentillərdə düşmə görünürsə, birinci addım mütləq pediatr və pediatrik endokrinoloq müayinəsidir. Uşaq endokrinoloqa yönləndirilməli və vaxtında müdaxilə edilməlidir.

Əsas məqsəd cinsi inkişaf başlamadan, sümükləşmə nöqtələri bağlanmadan uşağın genetik boy potensialına çatmasını təmin etməkdir. Burada balanslı qidalanma çox önəmlidir. Təkcə genetikaya baxaraq boyu müəyyən etmək doğru deyil. Yetərli kaloriya, zülal, kalsium, vitaminlər və mikroelementlər uşağın maksimum potensialına çatmasına kömək edir.

Yuxu da boy artımında vacib rol oynayır, çünki böyümə hormonu müəyyən saatlarda yuxu zamanı ifraz olunur. Erkən yatmaq böyümə hormonunun normal ifrazı üçün önəmlidir. Gec yatmaq böyümə hormonunun kifayət qədər ifraz olunmamasına və nəticədə boy artımının azalmasına səbəb ola bilər.

Heç bir məcun, xüsusi vitamin və ya fast food-un kəsilməsi təkbaşına uşağın boyunu artırmır. Yalnız uşaqda ciddi qidalanma çatışmazlığı, vitamin defisiti və ya malnutrisiya varsa, əlavələr faydalı ola bilər. Sağlam qidalanan uşaqlarda bu əlavələr boy artımına birbaşa təsir etmir.

İdman da faydalıdır, amma tək idmanla, məsələn, basketbola qoymaqla uşağın boyunun uzanacağını düşünmək düzgün deyil. Boy artımına qidalanma, hormonal balans, ətraf mühit və genetik faktorlar birlikdə təsir göstərir.

Mehdiyevin Rusiyadakı qardaşları - Əlaqələr necə qurulub?
Son xəbərlərDaha çox